"İran-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracağıq ”

İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir”

Həsən Ruhani: "Regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur"

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gedib. Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar. Daha sonra Azərbaycan dövlət başçısı İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə Həsən Ruhani bildirib ki, Azərbaycanla ölkəsi arasında qardaşlıq əlaqələrinin genişləndirilməsində heç bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani Tehranda görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər. İran prezidenti Dağlıq Qarabağ münaqişəsi barəsində də fikirlərini bildirib. Regionda coğrafi sərhədlərin dəyişdirilməsinin qəbulolunmaz olduğunu deyən H.Ruhani regional problemlərin, o cümlədən Qarabağ münaqişəsinin beynəlxalq norma və hüquq prinsipləri çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu dilə gətirib. İran prezidenti Azərbaycan prezidentinin İranın dinc nüvə proqramı sahəsindəki mövqeyini yüksək qiymətləndirib: "Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə görə minnətdarlığımı bildirirəm. Mənim cənab Prezident ilə ilk görüşüm Davos Forumu çərçivəsində olmuşdur və həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün həm geniş tərkibdə, həm də təkbətək keçirdiyimiz görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Mən bü gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim iki dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün heç bir maneə yoxdur".

Həsən Ruhanı deyib ki, Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir: "Ölkələrimiz arasındakı səmimi münasibətlər ölkələrimizin xalqlarının xeyrinədir, həmçinin ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir. Biz iki ölkə arasında neft, neft-kimya, elektrik enerjisi, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində gələcəkdə əlaqələrimizin daha geniş və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqların əlaqələrinin daha da yaxınlaşdırılması üçün lazımi addımlar atılsın. O cümlədən bizim İslam və məzhəbə baxışlarımız eynidir, hər iki ölkə radikal hərəkətlərdə İslamın vasitə kimi istifadə olunmasına mənfi yanaşır".

İran Prezidenti bildirib ki, regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur: "O cümlədən biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı oxşar fikirdəyik".

Həsən Ruhaninin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi: "Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Regionumuzdakı coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun. Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox böyük məmnuniyyətlə qəbul edirəm və əminəm ki, yaxın olan münasib vaxtlarda dost və qardaş olan Azərbaycan Respublikasını ziyarət edəcəyəm. Mən hər iki ölkənin xalqlarına - həm İran, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram".

 Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bu, onun İrana üçüncü rəsmi səfəridir: "Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur". İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq". Prezident bildirib ki, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır: "Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımı törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı". İlham Əliyev deyib ki, bu gün digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi Sazişi bu əməkdaşlığı daha da gücləndirəcək". Dövlət başçısı qeyd edib ki, neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar var: "Eyni zamanda hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün eyni zamanda yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür. Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir". İlham Əliyev deyib ki, xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar: "Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. Bu möhkəm zəmin üzərində bu gün İran-Azərbaycan əlaqələri qurulmuşdur. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq".

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb. Bunlar "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu","Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş" kimi sənədlərdən ibarətdir.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00