Azərbaycanla Gürcüstan arasında delimitasiya işləri tamamlanmayıb”
9 Aprel 2014 17:20 Siyasət"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri həm Rusiya, həm də Gürcüstanla sərhəddə böyük həcmdə geodeziya, kartoqrafiya və yerquruluşu işlərini həyata keçiriblər. Ölkəmizin və digər dövlətlərin arxivlərində sərhədə aid minlərlə sənədlər, xəritələr, sxemlər, torpaqayırma, yerquruluşu, meşəquruluşu və başqa materiallar öyrənilib və müvafiq qərarlar qəbul olunub. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov səsləndirib. Onun sözlərinə görə, dövlət sərhədi boyu ərazilər yerində dəqiqləşdirilib və kimə məxsus olması müəyyən edilib: "Təbii ki, bu mövzuda məsələlərin həlli zamanı mübahisələr də yaranıb. Buna baxmayaraq, tərəflər ardıcıllıqla bütün sərhəd xəttini müəyyən ediblər. Delimitasiya ilə bağlı işlərin kifayət qədər bağlı olması həmin məsələlərin uzun müddət ərzində həll olunmasını bir daha təsdiqləyir. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunub. Azərbaycanla Gürcüstan arasında hələ ki delimitasiya işləri tamamlanmayıb və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın Gürcüstanla dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 288 km dövlət komissiyaları səviyyəsində razılaşdırılıb".