“Rusiya Şərqi Ukraynaya da qoşun yeridə bilər”
Ərəstun Oruclu: “Ukraynada yaratdığı gərgin vəziyyətə görə, dünya ölkələri Rusiyaya qarşı daha sərt mövqe seçə bilərlər”
9 Aprel 2014 15:42 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiyanın Ukraynanın Şərqinə qoşun yeritməsi ehtimallarını dəyərləndirdi. Ə.Oruclu bildirib ki, Rusiya texniki baxımdan Şərqi Ukraynaya qoşun yeridə bilər. Politoloq hesab edir ki, əgər işğalçı kimi siyasət yürüdürsə, regionda geosiyasi planlarını həyata keçirməkdə israrlıdırsa, bunu edəcək. Müdaxilənin hansı nəticələrə səbəb olacağının başqa məsələ olduğunu deyən Ərəstun Oruclunun sözlərinə görə, Rusiya belə bir addım atmamalıdır: "Ukraynada yaratdığı gərgin vəziyyətə görə, dünya ölkələri Rusiyaya qarşı daha sərt mövqe seçə bilərlər. Daha sərt təsir vasitələrinə əl atmaları da mümkündür. Bu baxımdan Rusiyanın Şərqi Ukraynaya qoşun yeridəcəyi ehtimal olunmur". Politoloq Ərəstun Oruclu "Rusiyanın geosiyasi meydanda aktivləşməsinin fonunda ABŞ-ın görünməməsinə səbəb nədir" sualına belə cavab verdi: "ABŞ və Rusiyanın strategiyasında hiss olunan fərqlər var. Amerika siyasəti daha çox diplomatik və uzunmüddətli müzakirələrə söykənir. Rusiya siyasəti isə kobud və aqressiv gedişlərlə xarakterikdir. Amerika meydanda görünür. Sadəcə diqqətlə baxmaq lazımdır". ("OLAYLAR" İA)