“ABŞ Rusiyaya qarşı yeni təzyiq planı üzərində işləyir” - AÇIQLAMA

Qabil Hüseynli: “Azərbaycan və Türkmənistan qazının birbaşa Avropa bazarına çıxarılması ilə Rusiyanın əlində olan təsir rıçaqları əlindən alınacaq”

Politoloq Qabil Hüseynli Avropa İttifaqı və ABŞ-ın Rusiyanın dayandırılmasına yönəlik çalışmalarına münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, Aİ və ABŞ Rusiya tərəfindən dünyanın yeni geosiyasi xəritəsinin qurulmasına, yeni imperialist planlarının həyata keçirilməsinə imkan verməyəcək. Politoloq hesab edir ki, Rusiyanın indiki fəallığı müvəqqətidir. Əgər iqtisadi sanksiyalar Rusiyaya təsir etməsə, başqa təzyiq vasitələrinin işə salınacağını deyən Qabil Hüseynli vurğuladı ki, Kreml Ukrayna və digər regionlarda reallaşdırdığı işğalçılıq siyasətinə görə, üzr istəməyə məcbur ediləcək: "Rusiyaya qarşı belə bir addımın atılması müəyyən vaxt apara bilər. Çünki hələlik Rusiyanın əlində Avropaya təsir etmək üçün rıçaqları var. Həmin rıçaqların Kremlin əlindən alınması prosesləri gedir. Qərb Rusiyadan olan enerji asılılığını azaltmağa çalışır. Bunun ilkin nəticələri artıq hiss edilir. Rusiya iqtisadiyyatının bütün istiqamətlərində ciddi düşüşlər qeydə alınır. Moskva bundan narahat olmalıdır. Amma Rusiya Krımdan sonra Şərqi Ukraynada da vəziyyəti qarışdırmağa çalışır. Regiondakı ssenari əvvəlki kimi olsa da proseslər birinci gedişlər kimi alınmır. Rusiya Şərqi Ukraynada ciddi məğlubiyyətə uğrayır. Çünki Ukrayna özünün müdafiə potensialını bərpa edə bilir. Ölkədə hakimiyyət boşluğu aradan qaldırılır. Rusiyanın regiondakı təxribatçı qruplaşmalarına qarşı ciddi tədbirlər görülür. Rusiyanın dayandırılması mexanizmi tam gücü ilə işə salınıb". Qabil Hüseynli Qərbə təsir rıçaqlarının hansı şəkildə alınması məsələsinə də aydınlıq gətirdi. Politoloq qeyd etdi ki, Azərbaycan və Türkmənistan qazının birbaşa Avropa bazarına çıxarılması ilə Rusiyanın əlində olan təsir rıçaqları əlindən alınacaq. Azərbaycanın artıq Avropa bazarına daxil olduğunu deyən Q.Hüseynli bildirdi ki, ölkə hələlik Yunanıstan, Türkiyə və İtaliyaya qaz satır. Politoloqun sözlərinə görə, gələcəkdə "Şahdəniz-2" layihəsi işə düşdükdən sonra Rumıniya, Avstriya, Sloveniya və daha bir neçə ölkəyə enerji ixrac ediləcək: "Avropanın qaza olan tələbatının ən azı 40%-i Azərbaycan tərəfindən ödəniləcək. Üstəlik yeni "Trans-Xəzər" qaz kəmərinin çəkilməsi gündəmdədir. Con Kerri də bunun üçün Azərbaycana gəlmək istəyir. Rusiyanın maneə olmasına baxmayaraq, Türkiyə və ABŞ artıq Türkmənistanı buna razı salıblar. Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə Moskva bütün gücü ilə maneə yaradır. Dünya neft və qaz bazarından Rusiyanın sıxışdırılıb çıxarılması, neftin qiymətinin aşağı salınması prosesləri başlayıb. Qeyd edilən amillər Rusiya büdcəsinin 70%-ni təmin edir. Bunlar olmasa, yaxud çox az olsa Rusiyada ciddi iqtisadi çöküş başlanacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00