“ABŞ Ukraynaya qoşun yeridə bilməz” - FİKİR

Elxan Mehdiyev: “Kreml bu cür gedişlərlə beynəlxalq ictimaiyyəti Ukraynada yaratdığı muxtar respublikaların müstəqilliyinə inandırmağa çalışır”

 Rusiyanın Xarici İşlər Nazirliyi sensasiyalı açıqlama ilə çıxış edib. XİN-nin yaydığı bəyanatda bildirilir ki, Ukraynanın şərqindən "Sağ sektor"-un yaraqlıları  və ABŞ-ın "Greystone" təşkilatının üzvləri orduya yardıma gəlir. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev hesab edir ki, XİN yaydığı bəyanat həqiqəti əks etdirmir. E.Mehdiyev belə bir qərarın ABŞ tərəfindən atılmasının mümkün olmadığını da iddia edir. Politoloqun sözlərinə görə, yayılan məlumat Rusiyanın müdafiə instinktindən qaynaqlanır: "Ukrayna NATO üzvü olmadığı üçün, həmçinin məsələ ilə əlaqədar ikitərəfli müqavilənin olmaması faktoru ABŞ-ın bu ölkəyə qoşun yeritməsi ehtimalını heçə endirir". Elxan Mehdiyev "ABŞ bu məsələləri nəzərə almayıb, Ukraynaya qoşun yeridə bilərmi? Yerirdəsə, bu Rusiyanın çəkilməsinə şərait yarada bilərmi" sualına bu cür cavab verdi: "Amerika belə bir addım atacağı təqdirdə belə Rusiya geri çəkilməyəcək. Rusiyanın bu bəyanatı qarşılıqlı ittihamların bir hissəsidir. ABŞ tərəfindən yayılan məlumatın təsdiqlənməsi Rusiyaya təsir etməyəcək. Çünki Rusiya Ukraynaya qarşı onun daxilindən hücuma keçib. Ukrayna daxilində yaradılmış üsyanlar vasitəsilə Moskva muxtar respublikalar yaratmaqla, Kiyevi fakt qarşısında qoymaq istəyir. Kreml bu cür gedişlərlə beynəlxalq ictimaiyyəti Ukraynada yaratdığı muxtar respublikaların müstəqilliyinə inandırmağa çalışır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00