“Ukrayna yox ola bilər” - RƏY
Elçin Mirzəbəyli: “Rusiyanın regiona müdaxiləsi daha böyük gərginliyə səbəb ola bilər”
8 Aprel 2014 16:36 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Ukraynanın şərqində baş verən seperatçı proseslərə, rəsmi Kiyevin hücuma başlamasına münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Ukrayna dövlətinin təxribatçı və seperatçılara cavab verməsi üçün potensial imkanları var. BAXCP rəsmisi hesab edir ki, yeni hökumət cəsarətli olarsa və bu istiqamətdə ciddi adımlar atarsa, proseslərin qarşısını almaq mümkündür. Bununla belə Ukraynanın ciddi dəstəyə ehtiyacının olduğunu deyən Elçin Mirzəbəylinin sözlərinə görə, Qərb ikiüzlü siyasətini davam etdirməsə, Rusiyaya qarşı daha cəsarətli mövqe sərgiləsə, dönüş nöqtəsi yaratmaq mümkün olacaq: "Lakin Şərqi Ukraynadakı vəziyyət maksimal dərəcədə Krımdakı situasiyadan fərqlənir. Əgər Krım muxtar respublika idisə, vaxtilə Ukraynanın tərkibinə bu statusla daxil olmuşdusa, hal-hazırda rus seperatçılığının dalğalandığı bölgələrdə bu status yoxdur. Region tamamilə unitar Ukraynanın tərkib hissəsidir. Bunu nəzərə alsaq, Rusiyanın regiona müdaxiləsi daha böyük gərginliyə səbəb ola bilər. Əgər Kiyev məsələyə ciddi şəkildə reaksiya verməsə, bu Ukraynanın yox olmasına gətirib çıxaracaq". ("OLAYLAR" İA)