Tumsatan Marusya xala Rusiyaya birləşmək istəsə...
8 Aprel 2014 15:06 SiyasətMəşədi Cəfər
Fitə getmək yaxşı şey deyil. Bunu o qədər də uzaq olmayan 90-cı illərdə görmüşük. Bakıda mərkəzi hakimiyyət zəifləyən kimi bir çox bölgələrimizdə xırda etnik qruplar fəallaşmağa başladı. İzzət demiş, ad çəkmirəm ki, reklam olar, söhbətin kimlərdən getdiyi zatən bəllidir. Bir ünlü qələm yoldaşım deyir ki, havadan separatçılıq iyi gələn 1993-cü ilin avqust ayında Yevlax qaraçıları da deyirmişlər ki, elə biz də muxtariyyat istəyirik.
Rusiya Ukraynada Moskvapərəst Yanukoviçi devirmiş, hakimiyyəti ələ almış demokratlara dərs verdi, Krımı özün birləşdirdi. Bu hadisə dünyanın susqunluğu fonunda Ukraynanın digər bölgələrində olan separatçıları da hərəkətləndirib. Şərqi Ukraynada mərkəzi hakimiyyətdən uzaqlaşma hərəkatı başlayıb. Dünya sahibsiz deyil, yəqin ki, Rusiyanın ipi yığılacaq. SSRİ boyda nəhəngi parçalamış, yerində 15 müstəqil dövlət yaratmış ABŞ və müttəfiqləri Putin Rusiyasından qorxacaq halda deyillər. Sadəcə, hər şeyin zamanı var. Separatçılığa həvəslənmiş qüvvələr sonranı düşünsələr yaxşı olar. Rusiya Osmanlı türkləri demiş, pəzəvənglik edir, sizə nə gəlib?
Rusiya demişkən, Putinin işğal arqumentləri 21-ci əsrdə çox gülməli görünür. "Orda yaşayan rusların həyatına təhlükə var". Ötən əsrin 30-40-cı illərində Avropanı qana çalxamış, köhnə qitəni ələ keçirmiş Faşist Almaniyasının əsas şüarı da elə bu idi: almanları sıxışdırırlar. Zühur etmiş iblis adlanan Hitlerin də, dünyanı yenidən bölüşdürüb daha çox pay almaq istəyən Almaniyanın da aqibəti bəllidir. Ölkə darmadağın oldu, 45 il parçalanmış vəziyyətdə qaldı. İndi Rusiya Almaniyanın yolunu gedirsə, getsin, görək nə qədər gedə bilir.
Putinə gəlincə, adam məzəli siyasət yürütdüyünü hələ də dərk etmir. Deyir, Krımı Ukraynaya Xruşşov verib, geri alınmalıdır. Bəs Dərbəndi niyə qaytarmırsan? Rusiya ilə quru sərhəddi olmayan Kalininqrad da alman torpağıdır axı. İşğal altında saxlanan Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ necə olsun. Tarixdirsə, bunlar da tarixdir. Rusiya Qızıl Orda türk dövlətinin 4 yerə parçalanması nəticəsində Sibiri, Krımı, Kazanı, Həştərxanı işğal edib. Bu ərazilərdə türk dövləti yaradılsın, ya da Tatarıstana verilsin, Kazanda müstəqil dövlət yaradılsın. Rusiya çar ordularının qanlı döyüşlərlə ələ keçirdiyi Şimali Qafqazı geri qaytarsın.
Moskva şovinistlərinin "ruslar yaşayan yer Rusiyadır" şüarı adamı şübhəyə salır e. Düşünürsən ki, Putin sabah çıxıb elan edəcək ki, Azərbaycanda çoxlu İvan, Sovet, Traktor, Vladlen, Marusya adlı adamlar var. Onlar Rusiyaya məxsusdur və Rusiyaya birləşdirilməlidir. Birləşmənin yolunu da bilirəm. Məsələn, Ağdamın Quzanlı kəndində çayxanaçı İvan, Mariya xala, Sveta müəllimə, kitabxanaçı Raisa yaşayır. Onların həyətyanı sahələri, evləri Rusiya ərazisi hesab edilir, bu adamlara da vətəndaşlıq verilir. Bu cümləni oxuyun, sonra silin ha, birdən Putinin ağlına batar. Putin o yana dursun e, kəndçim tumsatan Marusya xalanın ağlına batsa, türk demiş, durum kötü ola bilər.