Dünyanın sərt reaksiyası rus hərb maşınını dayandarmaq gücündə deyil - FİKİR

Zahid Oruc: “Donetsk Xalq Respublikasının yaradılması üçün vilayət sovetinə edilən hücumun Krım ssenarisi üzrə inkişafı tamam realdır”

İndi keçmiş sovet respublikalarının hamısının üstünə Ukrayna havası çöküb. Cəmiyyət həyatı öz axarında davam eləsə də, iri kapital kütləsi və burjuaziyanın hərəkətlərində Rusiyadan gələn növbəti qərarların bir xofu duyulmaqdadır. Parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyir ki, Donetsk Xalq Respublikasının yaradılması üçün Vilayət sovetinə edilən hücumun Krım ssenarisi üzrə inkişafı tamam realdır: "İnformasiya vasitələrində yayımlanan kadrlar Stalinin portreti və NATO-ya qarşı sloqanlarla tərtib olunaraq açıq qarşıdurmaya dair hazırlığı qətiyyətlə nümayiş etdirir. Turçinovun "ikinci dalğa" adlandırdığı Rusiya xüsusi əməliyyatının qarşısını kəsməyə isə 182 minlik ordunun bircə əskəri belə çıxmağa qadir deyil. Ukrayna bir güllə atmadan II dünya müharibəsində göstərdiyi rəşadətin tam əksinə olaraq təslim olmaq ərəfəsindədir". Millət vəkilinin sözlərinə görə, Krımdan təxminən 15 dəfə böyük olan Donetsk təkcə şərqi ərazilərin sənaye potensialını özündə birləşdirməyib, eyni zamanda digər vilayətlərin-Luqansk və Xarkovun geniş itaətsizlik və müstəqillik hərəkatına da başçılıq edə bilər: "Yanukoviçin qayıdış xəbərləri altında dövriyyədə qanuni prezidentin öz taxt-tacına qaytarılacağı məlumatları tirajlanmaqda davam edir. Əgər belə gedərsə, onun cəmi 1 ay əvvəl verdiyi, hətta ən səbatsız adamların başa düşəcəyi proqnozu-Donbas şaxtaçılarının üsyankar inqilabı ölkənin bütün iqtisadi sistemini çökdürməyə qadir olacaq və mədən fəhlələri ayağa qalxacaqdır. Belə olan təqdirdə böyük bir ölkənin "polad ürəyi" sarsılacaq və indi Krımla yalnız kiçik bir zərbə almış vahid orqanizm tam çökəcək. Qaçmış prezident bunu hədə kimi deyil, Kremlin yeni inqilabi hökumətindən alacağı qisas olduğunu sübuta yetirəcəkdir. Əgər plan baş tutmasa, Yanukoviçi Federal kəşfiyyat bürosunun emissarları tərəfindən qətlə yetirib onu məhdud xalq kütlələrinin sevgisi altında dəfn edəcəklər və xəyanətkar obrazdan qəhrəmana çevrilən devrilmiş rəhbərin portreti növbəti toqquşmaların simvoluna çevriləcək". Zahid Oruc deyir ki, Krımdan sonra dünyanın sərt reaksiyası, Barak Obamadan Merkelə qədər davam edən hədələyici ton rus hərb maşınını dayandarmaq gücündə deyil: "20 nəfərə qarşı tətbiq edilmiş sanksiya ilə rus dövlətini istisadi cəhətədən çökdürüb Qərblə əlaqələrdən məhrum etmək illüziyadır. Alman biznes elitası siyasətçilərinin belə addımını ağır əks nəticələr doğuracaq avantüra saymaqda tam haqlıdırlar. Ukraynaya real maliyyə yardımının Avropa Birliyi səviyyəsində 1 milyard avro və Birləşmiş Ştatlardan 1 milyard dollar səviyyəsində müəyyənləşsə də, azadlıq və demokratiya istəyərək meydanlara çıxmış xalq kütlələrini bununla doyuzdurmaq mümkün deyil. Onlar dərin bir xəyal qırıqlığına uğrayıblar". Bəs yeni Ukrayna hökuməti yaranmış böhrandan çıxmaq üçün nələri edir? Parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin üzvü, millət vıkili  Zahid Oruc bildirir ki, işsizlik və böyük siyasətdən xəbərsizlik onları xarakterizə edən başlıca keyfiyyətdir: "Kliçkonun tərəfdarları bu gün Turçinovu Krımı satmaqda ittiham edib və ölkədə hakimiyytsizliyin hökm sürməsinə görə onları açıq səriştəsizlkidə suçlandırıb. Böhran dərinləşdikcə koalisiya siyasi gərginliyin təsiri altında can verir. Bir sözlə, vəziyyət ruscadır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00