“Rusiyanı enerji sanksiyaları ilə dayandırmaq olar” - FİKİR
Əli Oruclu: “Qərb və NATO Ukraynaya görə, Rusiya ilə silahlı konfliktə getmək istəmir”
7 Aprel 2014 17:24 SiyasətAMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu Rusiyanın Ukraynada işğalçılıq siyasətini dayandırmağa yönəlik addımlarını şərh edib. Ə.Oruclu bildirib ki, Rusiya müəyyən gedişlərlə Ukraynanın Avropaya istiqamətlənməsinin qarşısını maksimum şəkildə almağa çalışır. AMİP funksioneri hesab edir ki, Qərb və NATO Ukraynaya görə, Rusiya ilə silahlı konfliktə getmək istəmir: "Qərbin sadəcə olaraq Rusiyaya yönəlik kiçik addımları psixoloji hədə- qorxulardır. Lakin Kremlin səylərinə baxmayaraq, Ukraynanı yenidən Rusiyaya meyilləndirmək effekt verməyəcək". Ə.Oruclu hesab edir ki, Rusiyanın Ukraynada keçirdiyi işğalçılıq siyasətinə yumşaq münasibət bəslənilir. Rusiyanın dünyanın aparıcı dövlətlərindən biri olduğunu deyən Əli Oruclunun sözlərinə görə, Kreml də ərazilərin bölüşdürülməsi məsələsində ciddi mübarizəyə girişib. AMİP funksioneri qeyd etdi ki, Rusiyanı dayandırmağın müəyyən variantları ola bilər: "Lakin iqtisadi sanksiyalar Rusiyanın əleyhinə işləyən faktor olmayacaq. Qərb Rusiyanı saxlamaq üçün alternativ yollar axtarmalıdır. Moskvanı narahat edən əsas amil Qərbin Rusiyaya qarşı tətbiq edəcəyi mümkün enerji sanksiyalarıdır. Rusiyanı bununla çökdürmək mümkündür. Silahlı qarşdurmaya getmək NATO və Qərbin marağında deyil". ("OLAYLAR" İA)