Müxalifətdə siyasi durğunluq - SİYASİ ANALİZ
Partiyalar böhrandan çıxa bilmir
7 Aprel 2014 16:48 SiyasətYeni il başlayandan 4 aydır ki, müxalifət böhrandan çıxa bilmir. Ötən ilin yayında böyük ümidlərlə yaranmış Milli Şura parçalandıqdan sonra AXCP ilə Müsavat arasında başlanmış söz savaşı qısa çəkdi. Protest elektoratına mənfi təsir etsə də, partiyalararası bu savaş ciddi nəticə doğurmadı. Ərəb inqilabları dalğasından təsirlənmiş ənənəvi müxalifət maraqlıdır ki, Ukraynada ikinci narıncı inqilab zamanı eyforiyaya düşmədi. Bunun səbəbi aydın idi. Çünki ötən il müxalifəti toparlayanlar Ukraynadakı inqilaba qarşı çıxan qüvvələr idi. Daha dəqiqi ənənəvi müxalifət Kremllə bağlılığı şübhə doğurmayan Milyarderlər İttifaqının fəaliyyətinə ümid edir, Rusiyanın Gürcüstanda olduğu kimi Azərbaycanda da "hakimiyyət dəyişikliyi" həyata keçirəcəyinə inanırdı. Müxalifət kuluarlarında açıq-aşkar və sevincək "İvanişvili variantı"ndan danışırdılar. Lakin ənənəvi müxalifətin arzuları bu dəfə də çin olmadı. Seçkiyə bir ay qalmış düşərgə prezident seçkilərinə namizədini dəyişəsi oldu. Bir sıra qüvvələr bundan narazı qaldılar və Milli Şuranı tərk etdilər. Rəsul Quliyev, El hərəkatı məhz bu üzdən Milli Şuradan ayrıldı. Bu ilin yanvar ayında isə Müsavat Partiyası Milli Şuradan çıxmaq haqqında qərar qəbul etdi. Müsavatın Milli Şuradan çıxması AXCP-nin narazılığına səbəb olsa da, cəbhəçilər qısa müddətli qara piarla kifayətləndilər. Çünki AXCP-nin proqnozu da düz çıxmadı. Hesab olunurdu ki, Müsavat Milli Şuradan çıxan kimi iflasa uğrayacaq, parçalanacaq, partiyadan qopmalar başlanacaq. AXCP-nin qara piarı 2-3 nəfəri Müsavatdan ayırmağa yetdi. Parçalanma ümumiyyətlə olmadı, iflas isə ümumilikdə müxalifət düşərgəsinə aiddir. Əksinə, AXCP bir daha anladı ki, ənənəvi müxalifət yalnız bir arada nəyəsə ümid edə bilər. Bu baxımdan güman etmək olar ki, gələn il parlament seçkilərinə hazırlıq zamanı AXCP yenidən Müsavatla müttəfiq olacaq.
Müxalifətin hazırda düşdüyü siyasi böhran isə zənnimizcə, Ukrayna hadisələri ilə birbaşa bağlıdır. Daha dəqiqi, Rusiyanın Ukrayna ərazilərini zəbt etməsi ilə. Bəllidir ki, Avrointeqrasiya tələbi ilə "Maydan"a çıxan Ukrayna xalqı 3 aylıq mübarizədən sonra istəyinə nail oldu. Rusiyameylli prezident Viktor Yanukoviç hakimiyyətdən salındı. Müxalifət qalib gəldi. Mayın 25-nə prezident seçkiləri təyin olunub. Rusiya mart ayında Krıma daxil olaraq orada referendum təyin etdi. Referendumun nəticələrinə uyğun olaraq Krım Rusiyaya birləşdirilib. Rusiyanın qeyri-standart davranışları bütün dünyanı, Ukrayna demokratiyasının arxasında duran qüvvələri çaş-baş salıb. İri Avropa dövlətləri bəyanatdan o yana real addım ata bilmirlər. ABŞ, Almaniya, Böyük Britaniya kimi böyük dövlətlər yalnız sanksiyalardan danışır, əməli təzyiqlərə keçə bilmirlər. Aşkar görünür ki, dünya demokratiyası böhranla üz-üzədir. Rusiya böyük və güclü dövlətdir, hələki onu durdurmaq mümkün deyil. Azərbaycanın ənənəvi müxalifəti də çaşqın durumdadır. Bir sıra qüvvələr Rusiyanın "demokratik seçki" metodu ilə hərəkət edəcəyinə ümid edirdi. Krımın işğalı ilə Rusiya hamını qorxutdu. Hətta Rusiyanın "Milyarderlər İttifaqı"na sevgi ilə yanaşanlar da tərəddüd edir. Axı Qərblə də əlaqələr var. Ötən il Milli Şuranı Rusiyameylli adamlardan çəkindirməyə çalışan partiyaların düşdüyü durum da maraqlıdır. Görünür, ənənəvi müxalifəti hər iki qanadı artıq böhran keçirir və bu durumdan çıxmaya bilər. Müsavat mayda qurultay keçirir. Qurultayda dəyişiklik labüddür. İsa Qəmbərsiz Müsavatın zəifləyəcəyi şübhəsizdir. Maraqlıdır ki, Qubad İbadoğlu başqan olarsa, AXCP ilə yenidən müttəfiqlik mümkündür. Arif Hacılı seçilərsə, köhnə düşmənçilik davam edəcək.
Ərhun Abbas