Kremlin şıltaq oyunları - KÖŞƏ

Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər

Məşədi Cəfər

Nəhəng şimal ayısı qəzəblənib. Keçən il xoxolllar küçələrə tökülüşüb Moskvapərəst Viktor Yanukoviçə əzələ göstərəndə ara-sıra deyilirdi ki, bu həna o hənadan olmayacaq. Putin Rusiyası bir dəfə xoxolların narıncı şıltaqlığına dözdü, bu dəfə dözməyəcək. Amma necə dözməyəcək, dözməyib neyləyəcək, xoxolları necə cəzalandıracaq, bu haqda danışan yox idi.  Yeni il ərəfəsində xoxollar bir az sakitləşdirlər. Çoxları, elə Yanukoviç də elə bildi ki, ta millətin hirsi soyudu, inqilab başa çatdı. Amma sən saydığını say... Fevraldan xoxollar yenidən qızışdılar. Yanukoviç də qızışdı. Kiyevdə millət ikiyə bölünüb barrikada qurdu. Yanukoviç qəzəblənib xalqa atəş açdı. Elə bununla da kitabı bağlandı. Ordu, polis, təhlükəsizlik qüvvələri xalqın tərəfinə keçdi. Kəsəsi, Yanukoviç tək qalıb ölkədən qaçmağa məcbur oldu. Amma qədim qıpçaq yurdunun bəlalarını özü ilə aparmadı. Bu dəfə işə Rusiya qarışdı. "Ukraynadakı rusların həyatı təhlükədədir" tipli köhnə bayatılarla Kreml  Krıma göz dikdi. Öncə Krım Muxtar Respublikasının parlamenti müstəqillik referendumu təyin etdi. Ancaq referendumda xalq Rusiyaya birləşməyə səs verdi. Krımdakı rus qoşunlarının təzyiqi ilə Ukrayna ordusu yarımadadan çıxdı, Ukrayna gəmiləri bir-bir rusların nəzarətinə keçdi. Rusiyanın hərəkətləri açıq-aşkar özbaşınalıq, qabalıqdır. Amma başqa çarə də yoxdur. Rusiya nüvə dövlətidir. Böyük silah arsenalına malikdir, uzaq vuran raket kompleksləri var. Ukraynanı Avropaya inteqrasiyaya sövq etmiş dünya, faşizm cinayətlərindən güclə özünə gəlmiş Avropa dövlətləri müharibə etmək istəmir. Bunu Kremlin hiyləgər başçısı yaxşı bilir. Ona görə də rahatlıqla BMT tərəfindən ərazi bütövlüyü tanınmış müstəqil dövlətlərə təcavüz edir, torpaqları özünə birləşdirir. Rusiyanın Krımla bağlı arqumentlərində məntiq və bizə uyğun olan məsələlər var. Rusiya deyir ki, SSRİ dönəmində yanlış qərarla Ukraynaya verilmiş Krım rusların tarixi torpaqlarıdır. Krım tarixi türk torpağıdır. Ancaq onu Osmanlıdan Rusiya alıb. Bizim də Sovet və ondan öncə də Romanovlar dövründə gürcülərə, ermənilərə, lap elə Rusiyanın özünə verilmiş tarixi torpaqlarımız var. Rusiya ədalətlidirsə, Dərbəndi qaytarsın, Qarabağın Azərbaycana birləşdirilməsinə mane olmasın. Ancaq bütövlükdə bu tendensiya yanlışdı və üçüncü dünya müharibəsinə səbəb ola bilər. Dünyada mübahisəli ərazilər çoxdur. Hazırkı dünya Podstam sülh müqaviləsinin qurduğu düzənlə idarə olunur. Sosialist sisteminin, SSRİ-nin dağılması ilə yeni situasiya yaranıb. Maraqlıdır ki, çoxları Rusiyanın təkbaşına NATO-ya qarşı dayana bilməyəcəyini güman edirdi. Ancaq Kreml rəhbərliyi fərqli davrandı. Hazırda NATO-nun qarşısında güclü silah arsenalına malik, dünya düzənindən narazı, özünü dünyanın yenidən bölüşdürülməsindən kənarda hiss edən (eynilə Hitler Almaniyası kimi) Rusiya dayanır. NATO güclüdür, ancaq onu təşkil edən dövlətlər Rusiya ilə döyüşmək istəmirlər. Heç kim şəhərlərinin rus raketləri ilə dağılmasını, iqtisadiyyatının bərbad olmasını istəmir. Bəs çıxış yolu nədir? Dünya supergücləri Rusiyanın qarşısından çəkilə də bilməz. Bu, işğalçını daha da iştahlandıra bilər. O halda yeganə yol Rusiyanın iqtisadi cəhətdən çökdürülməsidir. Qərb SSRİ-ni də silahla yox, iqtisadi siyasətlə çökdürmüşdü. ABŞ silah yolunu dənəməyəcək. Ən doğru yol bilinən yoldur. Qəzəblə nərildəyən şimal ayısı bilinən yollarla sıradan çıxarıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00