“Putini Hitlerin aqibəti gözləyir” - AÇIQLAMA

Vəfa Quluzadə: “Çexiya da təhlükəsizliyinin təmini üçün NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsini istəyir”

Politoloq Vəfa Quluzadə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Rusiyanın bu ölkənin digər ərazilərini işğal etməsinə yönəlik xəbərdarlığına münasibət bildirib. Vəfa Quluzadənin sözlərinə görə, Vladimir Putin ABŞ və Qərbin Rusiyanın Krımı işğal etməsinə göz yummasını arzu edir. Politoloq hesab edir ki, Kreml başçısının arzularında həmçinin bunun müqabilində Qərblə Rusiya arasında əməkdaşlığın davam etdirilməsi də var. Rusiyanın bununla öz siyasi maraqlarına legitimlik qazandırmaq və davam etdirmək niyyətində olduğunu deyən V.Quluzadənin sözlərinə görə, Qərb isə Krımın işğalı faktı ilə barışmaq niyyətində deyil: "Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması Qərbə təzyiqdir. Rusiya bunun Ukraynanı bütövlükdə işğal etmək gücündə olduğunu nümayiş etdirmək istəyir. Rusiya isə bu cür gedişlərlə Ukraynanın bütövlükdə işğalı üçün zəmin hazırlayır. Yanukoviç və Putin bütün imkanlarını ortaya qoyub Ukraynanın Şərq və Cənubunda vəziyyəti stabillikdən çıxarmaq istəyirlər. Bu regionlarda yaşayan ruslar arasında əvvəlcədən yerləşdirilmiş qruplaşmalar müəyyən maddi qarşılıq müqabilində aktivləşdirilirlər. Həmin qrupla Ukraynadan ayrılmaq, Rusiya ilə birləşməyi tələb edirlər. Rusiya təxribat qrupları ilə Ukrayna və Qərbi açıq şəkildə hədələyir. Belə gedişlər isə Donetsk və digər regionlarda qarşıdurma hallarını artırır. Rusiya isə geri çəkilmək fikrində deyil. Qərb Rusiyaya qarşı sanksiyalarının icrasına başlasa, Kreml Ukraynada vəziyyəti daha da gərginləşdirəcək. Ukraynada bu müstəvidə olduqca həssas vəziyyət yaranıb. Qərb də məsələnin Rusiyanın lehinə həll edilməsini istəmir və təkidlə rusların geri çəkilməsinə çalışır. Bu isə Qərbin Rusiyanı məhv etmək planının başlanması deməkdir. Putin bunu çox gözəl bilir. Putini isə Hitlerin aqibəti gözləyir. Çünki Qərb Kremlin geosiyasi layihələrinin məhv edilməsi planının reallaşdırılmasında istəkli kimi görünür. Ukraynanın işğal edilməsi Rusiya Federasiyasımın dağılmasına səbəb olacaq". Vəfa Quluzadə bildirdi ki, Ukraynadakı həssas vəziyyət Qərblə Rusiya arasında silahlı müharibənin başlanmasına zəmin yarada bilər. Politoloq qeyd etdi ki, region dövləti Çexiya da təhlükəsizliyinin təmini üçün NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsini istəyir: "Rusiya işğalçılıq siyasətindən geri çəkilməsə, NATO regionda möhkəmlənməklə Şərq və Cənubdan Ukraynaya qoşun yeridəcək. Şimali Atlantik Alyansının məsələyə qarışması vəziyyəti daha da gərginləşdirir. Rusiya axıradək Qərblə düşmənçilik siyasətinə sadiq qaldı. Ona görə də Qərbin Rusiyaya yönəlik alternativ variantı qalmayıb. Qərb gərək Putin Rusiyasını məhv etsin. Müttəfiqlər Rusiyanı dayandırmaq üçün bütün imkanlardan istifadə edəcəklər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00