Gələnlər əli dolu gəlir, amma gətirdikləri nə olur!?

Özümüzü necə göstəririksə, bizə ona uyğun münasibət bəsləyirlər

Hafiz Mirzə

www.hafizmirza.com

Biz hara gediriksə, həmin yerin götür-qoyuna uyğunlaşmağa çalışırıq. Yəni özümüzü getdiyimiz yerdə qonaq kimi aparmağı bacarırıq. Əlbəttə, qonaq getdiyimiz yerə (evə, ölkəyə, təşkilata) əliboş getməməyə çalışırıq. Apardığımız şirniyyat və ya zinnət əşyalarından daha öndə ədəbimiz, əxlaqımız, milli-mənəvi dəyərlərimizə hörmətimiz, namus, qeyrət, insaf, ədalət hisslərimiz olur. Çalışırıq ki, kimsə bizə gülməsin. Əlbəttə, bizimkilərin arasından nakəslər də çıxır və millətin adını batırır. Amma bir faizdən çox olmaz. Sadəcə, pisi o andaca hamı görür, hamı eşidir, yaxşını isə kimsə dilə gətirmir. Bəs bizə gələn əcnəbilərin neçə faizi naxələf çıxır?  Burada faizin 50-ni keçdiyinə kimsənin şübhəsi olmasın. Hətta dost, qardaş, soydaş, dindaş hesab etdiklərimiz də bizim ölkəmizə gələndə özünü qonaq kimi hiss etmir və qonaq kimi aparmır. Gələndə də özləri ilə bizim üçün yaxşı nəsə gətirmirlər. Bizlərdə qonağa ehtiram böyükdür. Ən azından ona görə ki, qonaq Allah qonağı sayılır və ona Allaha görə də ehtiram bəslənir. Hətta o şəxs cinayət törədibsə də, bizim evimizdə amanda sayılır və biz onu kimsəyə təhvil vermərik. Dünya bu mədəniyyəti indi-indi öyrənir və indilərdə siyasi mühacirlərə tam toxunulmazlıq təminatı və təzminat verir. Ancaq dünya bunun bütün tərəflərini hələ də öyrənə bilməyib. Məsələn, adam getdiyi yerin ədəb-ərkanına uyğun davranmalıdır. Təkcə həmin yerin qanun-qaydalarına əməl edilməsi bəs eləmir. Ağıllı və mərifətli qonaq yazılmamış qanun-qaydaları özü hiss etməli, özü anlamalıdır. Məsələn, bizdə ağsaqqala -ağbirçəyə olan ehtiram, qonağın xərclərinin ödənilməsi, qeyrət-namus, ailə təməlçiliyi məsələləri,.. Son 23 il ərzində ölkəmizin qapıları bu qədər açıq ikən, Azərbaycana gələn hansısa əcnəbi buna əməl etd? Başa salmasaq, üzümüzü bozartmasaq  qadınları məsçidə başı (saçı) açıq vəziyyətdə daxil olar, küçənin ortasında öpüşər, erkəklər əynində şortiklə toya gedər, ev sahibinin xanımını vals oynamağa dəvət edərlər və sair.

***

Bizimkilər uyğunlaşmaqda doğru addım atırlarsa da, tamam başqalaşmaqla səhv edirlər. Rusiyanın etnik mənzərəsinə yeni bir ştrix qatmaq, hətta siyasi elitasında diqqəti cəlb etmək yaxşıdır, amma rusdan daha artıq rus ola, oraları ruslardan daha çox sevə və onun mentalitetini bir addım önə apara bilməzsən. Sənin ifrat sayğı və məhəbbətin ruslara lazım da deyil. Rusiya üçün İosif Stalin öz vaxtında İvan Qroznıdan, I Pyotr və ya I Yekaterinadan heç də az işlər  görmədi, onun ərazilərini, hətta Leninin 1918-ci il Brest Sülh Müqaviləsi ilə verdiyi əraziləri də alıb, mahiyyət etibarı ilə Rus İmperiyası hesab olunan SSRİ-yə qatdı, dövləti beynəlmiləlçi tərkibdən çıxardıb daha artıq ruslaşdırdı. Amma ölümündən sonra onun postunu tutan Nikita Xruşşovun təhriki ilə tamam rüsvay edildi, xalqlara qaniçən kimi tanıdıldı, bütün heykəlləri götürüldü, adı verilmiş təşkilat və orqanların lövhələri dəyişdirildi, hətta balzamlanmış cənazəsi də mavzoleydən çıxarıldı. Amma sonralar vəzifədən çıxarılan Xruşşova eyni münasibət bəslənildimi?  Çarlar 70 il söyülsə də  nə Aleksandrın, nə Yekaterinanın, nə də Pyotrun abidələri sökülmədi. Ancaq Stalinin bir heykəlini də saxlamadılar. Ateist hesab olunan Sovetlər birliyi zamanında müsəlman məsçidlərin 90% sökülsə də, qalanları anbar və digər məqsədlər üçün istifadə edilsə də, xristian kilsələrin böyük əksəriyyəti qorundu, saxlanıldı. Əslində  alman və yəhudi agentlərin törətdiyi dövlət çevrilişindən ibarət  olan  1917-ci il oktyabr hadisələrindən sonra Azərbaycana "hurrey"lə doluşan  Rusiya bolşeviklərinin bizə gətirdiyi ateist rejimdə nə hökmdar xatirəsi vardı, nə din, nə də dindar! Bütün şahlar-padşahlar, xanlar zalım, qəddar, qaniçən, işğalçı, maymaq və axmaq, rus çarları isə qurucu (İvan Qroznı,  I Pyotr,..) və döyüşçü (Aleksandr Nevski,..) kimi təbliğ edilir, dahi Nizamini,Nəsimini, Füzulini ateist olaraq tanıdırdılar. Rusların  ayağı Şimali Azərbaycana  XVIII əsrdən etibarən açıldı və Bakıda neft quyularında qara fəhlə kimi çalışmağa başladılar. Ətrafda hamı türk, tat və fars olsa da, onlar öz dillərini və mədəniyyətlərini dəyişmədilər. Əksinə, türkcə öyrənməyə çalışmadan, məhz Azərbaycan türklərini rusca öyrənməyə məcbur etdilər. İndinin özündə də 10 azərbaycanlının əhatəsində bircə rus olduqda bizimkilər o rusa görə bir-birləri ilə məhz rusca danışırlar. Bir dəfə ata-anası Lənkəranda doğulmuş bir rus həmyaşıdımdan bunun səbəbini öyrənməyə çalışdım və öz aləmimdə bunu onların dərin zəka problemilə əlaqələndirmək istədim. "Siz imkan verirsiniz ki, biz sizin dilinizi öyrənək?" Gözlənilməz olduğu qədər də haqlı irad idi. Amma bu heç də onların yerli xalqa hörmətsizliyini ört-basdır edə bilməzdi. Axı onlar özləri ilə yerli xalqa rəğbət  və ehtiram gətirməmişdilər. Ruslar beynəlmiləlçi olmadıqları halda bizdən beynəlmiləlçi düzəltmək istəyirdilər. Sovetlər dövründə arvadı rus olan insanları beynəlmiləlçi hesab edib, yüksək vəzifələrə irəli çəkirdilər.

Müstəqillik əldə etdikdən sonra sanki yağışdan çıxıb, yağmura düşdük: dünyaya qapı açan kimi hamı üstümüzə ac və hiyləgər tülkü kimi gəldi. Həm din, həm də soy baxımından bizə yaxın olan İran, Türkiyə və Səudiyyə qapılarımızdan içəriyə imam-peyğəmbər  övladı kimi daxil oldu. Sevindik ki, qardaşlarımız bizə erməni-rus birləşmələri  ilə  müharibədə köməyə əlində silahla gəlir. Lakin ruslar ermənilərə hətta onlar xristianlıqdan kənar xristian sayılsalar belə açıq-aşkar yardım etdiyi və onun əvəzinə döyüşdüyü halda, türk və iranlı qardaşlarımız  əsasən seyrçi qaldılar. Türkçülükdən, turan ideyalarından dəm vuran arkadaşlar arxadakı daş olaraq  bir müddət guya ki, bununla dünya müharibəsi başlaya bilər deyə dimdik dayanıb-durdular, sonra isə bizə silah və döyüşçü əvəzinə biznes maraqlarını gətirməyə başladılar. Guya ki, bizim yeyib-içməyi hər şeydən daha yaxşı bacaran xalqımız ət və ya cücə sousu  bişirə bilmirmiş və "dönər" yeyərdisə, öz mübarizəsində dönməz olacaqdı. Bakıda açılan dönər butkaları və bahalı çayxanalar onların ilk gətirdiyi "yenilik" oldu. Atəşkəsdən sonra biz onlara "Bakı-Ceyhan" neft kəmərini apardıq, onlar isə əvəzində bizə türk litseylərini gətirdilər. "Çağ" Öyrətim İşlətmələri əntiqə işlətmə verdi: orta məktəblərin 6-cı siniflərindən əlaçı şagirdləri toplayıb, onlara pullu orta təhsil verməyə başladı. Əlaçı şagirdlə böyük uğurlara nail olmağı hər müəllim bacarardı. Türkiyənin eyni adlı şəbəkəsinin məzunları olan gənc müəllimlər bizim istedadlı şagirdlərimizə "abilik" edib, guya ki, bizim müəllimlərimizin bacarmadığı böyük işlər gördülər. Hətta bizim ali məktəblərimizin illik təhsil haqqından daha yüksək ödənc hesabına verilən təhsil insafən heç də pis alınmadı. Zatən əsl məqsəd bizim təhsil sisteminə gözəl töhvələr vermək olardısa, məhz geridə qalan şagirdləri seçib onları  önə çıxartmaq daha böyük qardaşlıq nümunəsi sayılardı. Amma heç demə əlaçı şagirdlərimizi toplamaq  onları  həm də asanlıqla özünküləşdirmək nəqsədlərinə xidmət edirmiş. İlk vaxtlar bu litseylərdə hətta uşaqlarımıza zorən sünnü namazı öyrədilsə də, Sumqayıtda valideynlərdən buna kəskin etiraz gəldiyi üçün, dini təbliğat işləri arxa və gizli plana keçirildi. Amma çox keçmədi ki, "Çağ"-ın Türkiyədə nurçuluq lideri Fətullah Gülənə məxsus olduğu aydın oldu. Ancaq nə etmək olardı, üzdə yeganə müttəfiqimiz və soydaşımız sayılan Türkiyəni özümüzdən küsdürə bilməzdik ki. Bu "abilər" isə ali məktəblərə hazırlıq kursu sayılan ödənişli "Araz" kurslarını təsis edib, müəllimlərimizin repetitorluq çörəyinə də ortaq oldular. "Qafqaz" Universiteti isə "Çağ"ın pik nöqtəsi oldu. Bu yolu keçən, "Qafqaz"da, ya Türkiyə ali məktəblərində təhsil almış övladlarımız təkcə nurçu olmadı, həm də milli-mənəvi dəyərlərimizin təməl sütunlarından birini təşkil edən şiəliyə, spesifik adətlərimizə, inanclara, ayinlərə, hətta Şah İsmayıl Xətaiyə qarşı açıq mübarizəyə başladılar. Sosial şəbəkələr onların gizli fəaliyyəti üçün yaxşı meydan oldu. Onlar nurçu əfəndilərin əli ilə ölkənin idarəetmə strukturlarına yol açdılar və daha geniş əks-fəsliyyətə keçdilər. Xüsusilə də nurçular İrandakı bir çox siyasi dairələrin  Azərbaycana qarşı düşmənçilik mövqeyini şiəliyin üzərinə yüklədilər və şiəliyi gerilik mənbəyi kimi tanıtmaqla gözdən salmağa çalışdılar. Buna qismən nail də oldular. İran tərəfi isə bu şəbəkəni ifşa etmək əvəzinə bundan yararlanmağa, bir çox möminləri Azərbaycan dövlətinə qarşı qaldırmağa və öz tərəfinə çəkməyə çalışdı. Elə onlar da istəklərinə qismən nail oldular. Çünki onları da qardaş ölkə olan Azərbaycanda əsil İslamın təbliği, ölkəmizin inkişafı və xüsusən də Qarabağ münaqişəsinin uğurla həlli çox az maraqlandırırdı. 1990-cı ildə İran tərəfi SSRİ rəhbərliyinin razılığı ilə sərhədlərin açılmasına ona görə razı olmamışdı ki, ikiyə bölünmüş Azərbaycanın birləşməsinə rəvac versin! İranın Azərbaycana gətirdiyi əvvəlcə "Pən-pən" və "Bakkuş" adlı biskvit olsa da, sonradan əsas eksportları dini ideologiya oldu.  Guya ki, buna qədər biz kafir idik. Övladlarımızı mükəmməl dini təhsil vermək adı ilə cəlb edib, sonra onlardan agent və diversant hazırlaması şiə qardaşlığından heç gözlənilən hal deyildi. Livanda, Fələstində, indi Suriyada şiyə qardaşlarına hərbi yardım edən və orada açıq-aşkar döyüşən "hizbullah"çılar öz mübarizələrində səmimi idilərsə, bunu Qarabağda nə üçün etmədilər? Əfqanıstandan gəlib kafirlərə qarşı yalın əllə döyüşən  sadə əfqan qədər də olmadılar?! Çünki onları  Azərbaycanın Qarabağ uğrunda savaşdan qələbə ilə çıxması və qüdrətlənməsi  heç maraqlandırmırdı. İndi Ərdəbilin imam-cüməsi Həsən Amili öz xütbələrində bu sualların cavabını yayındırır və Azərbaycan iqtidarını günahlandırmağa çalışır. Halbuki, onlar qapımızdan içəri keçərkən səmimi olardılarsa və şiəliyin qorunması marağını üstün tutardılarsa, ən azından lopa saqqal Səudiyyə vəhhabilərinin caynaqları və sallanmış sulu dili qarşısında azərbaycanlı qardaşları tək buraxmamalı idilər. Vəhhabilik bizim məmləkətdə ayaq açdısa və indi 70 min vəhhabi varsa, bunda şiə İranın da  səhvi, nöqsanı, günahı var. Vəhhabilərin güclü şəbəkəsi qarşısında soydaşlarımızı köməksiz və arxasız saxlamaq heç müsəlmançılıqdan da deyildi. Səudiyyə şeyxlərini çox da qınamaq olmur. Onlar dini-islama xəyanət edib vəhabilik təriqətini hakimi-mütləq həddinə qaldırmışdılarsa, sünnü və şiələri özlərinin dini düşməni elan etmişdilərsə, gərək heç ümumiyyətlə ölkəyə buraxılmayaydılar. Amma onların əsarətində olan müqəddəs Məkkə və Mədinəyə həcc səfərinə gedə bilək deyə onları ölkəmizə buraxmalı idik. Onlar özləri ilə üzdə xalça-palaz  biznesini gətirdilər, əslində isə bu biznesi yalnız onların vəhhabi əqidəsini qəbul edənlərin  ixtiyarına verdilər. Azərbaycanı bir müsəlman ölkəsi olaraq sevsəydilər, bütün ərəb-İslam dünyasını  Ermənistanın üstünə qaldıra və ya bütün dünya muzdlularını Qarabağda döyüşlərə cəlb edə bilərdilər. Amma onlar nəinki bircə döyüşçü gətirmədilər və ya bir dirhəm xərcləmədilər, üstəlik vəhhabi əqidəsilə ölkəmizin dini əqidəsində  ciddi ixtilaflar yaratmağa müyəssər oldular. Onların pul-para ilə əvvəlcə sünnü-hənbəli, sonradan sələfiyə, daha sonra isə həvaricə çevirdikləri Azərbaycan gəncləri indi Səudiyyənin siyasi-hərbi məqsədləri yolunda Suriyada döyüşür, həlak olurlar.

Digərləri də neft qoxusuna gələn qərbi avropalılar idi ki, onlar da özləri ilə   demokratiya adı altında əxlaqsızlıq, geylik, ədəbsizlik, korrupsiya gətirdilər. Ruslar vaxtı ilə təkcə əyyaşlığı gətirmişdilərsə, avropalılar katolikliyi, "Yeqova şahidləri" sektasını, masonluğu, etnik-separatizmi, klançılığı, roku, popu, parnoqrafiyanı,.. gətirdilər. Almanlar Pribaltika respublikalarına onların mühacirət hökumətinin 1940-cı ildə qoyduğu dövlət pulunu, mədəniyyət, elm apardı. Amma bütün gələnlər bizə isə... Adamın elinə çox ellər gələr, biz də çox ellərə gedirik... Son vaxtlar biz də getdiyimiz ölkələrə özümüzün milli-mənəvi dəyərlərimizdən bir qığılcım qədər nəsə aparmırıq. Heç aparmaq da istəmirik. Amma başqaları... Hamısının qarşısını ala biləcək bir süzgəcimiz olmalı idi. O vaxt bunu yaratmağa imkan, gələnlərdə isə insaf-mürüvvət və saf əqidə olmadı. İndi isə milli-mənəvi dəyərlərimiz və bunu qüdrətləndirə biləcək Azərbaycançılıq ideologiyamız var. Bunu bir vətəndaş olaraq hər birimiz öz içimizdə yaşada və gəzdirə biləriksə, daha gələnlər özləri ilə emissiya gətirməyə hünər etməz. Hər gələnə qucaq açana üzdə qonaqpərvər, tolerant və sivil xalq deyilsə də, onunla eyni cür rəftar etmirlər! Özümüzü necə göstəririksə, bizə ona uyğun da münasibət bəslənilir. Kimisə qınamaq istədikdə özümüzdən başlasaq düzgün olar!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00