Deputatlarımız AŞ PA-nın yaz sessiyasına qatılacaqlar

Aprelin 7-dən 11-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildir. Sessiyada Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciətinə baxılması və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Tədbirdə deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00