Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib

Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi təqdim olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Nazir Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğunu vurğulayıb: "Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Ümümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir". S.Müslümov bildirib ki, bununla belə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynamış, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insan əlil olmuşdur. "Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir". Nazir diqqətə çatdırıb ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Nazir əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00