Millət vəkili: “Müxalifət bələdiyyə və parlament seçkilərində də xalqdan dəstək qazana bilməyəcək”

"Müxalifət, xüsusilə, onun radikal, destruktiv qanadı hər seçkiqabağı özlərinin varlığını sübut etməkdən ötrü müəyyən şoular yaradıblar. Bu şoular da müəyyən qondarma təşkilatların, xalqa heç bir aidiyyatı olmayan şuraların, məclislərin yaradılması ilə xarakterizə olunub". Bunu deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, həmin qüvvələrin cəmiyyətdə heç zaman heç bir dəstəyi olmayıb: "Son prezident seçkiləri zamanı radikallar növbəti dəfə müxtəlif adlarla çıxış etdilər, Milli Şura adlanan qeyri-ciddi qurumda birləşdilər, lakin hər zaman olduğu kimi, yenə də axıracan bir ola bilmədilər. Yerə-göyə sığmayan iddiaları, ambisiyaları üzündən yenidən ayrıldılar, sonra isə ənənəvi olaraq mübahisələrə, qarşılıqlı ittiham və təhqirlərə keçdilər, bir-birlərini şantaj etməyə girişdilər. Onlar bununla guya göstərmək istəyirdilər ki, öllkədə müxalifət var. Əslində isə ölkədə sağlam müxalifət yoxdur, onun sadəcə, adı var. İndi isə qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Mən elə bilirəm ki, bu bələdiyyə seçkilərində də onlara heç bir dəstək olmayacaq. Çünki artıq bu insanları Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Bunların kimlərə xidmət etdiyini insanlar yaxşı bilirlər. Onların nəyə qadir olduqları yaxşı məlumdur. Ona görə də xalq onlara heç bir dəstək vermir, ona görə də bu gün onların canfəşanlıq etməsinə artıq cəmiyyətdə yer qalmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00