“Kəlbəcərin işğalı zamanı 511 mülki şəxs qətlə yetirilib, 2500 nəfər xəsarəti alıb, 321 nəfər girov götürülüb"

"5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 321 nəfər girov götürülüb və itkin düşüb. Döyüşlər zamanı 55 hərbi qulluqçu həlak olub. 132 yaşayış məntəqəsi ermənilərin nəzarəti altına keçib, 500-dən çox sənaye, tikinti, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, 97 məktəb, 76 səhiyyə ocağı darmadağın edilib. O dövrdəki qiymətlərlə rayona 703 milyard 528 milyon rubl ziyan vurulub". AZADİNFORM xəbər verir ki, bunu "Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz" adlı kitabının təqdimatında Kəlbəcər RİH-nin başçısı Aqil Məmmədov bildirib. 

Onun sözlərinə görə, girovlardan 122 nəfərin geri qaytarılıb, 43 nəfərin isə taleyindən hələ də xəbər yoxdur: "BMT TŞ tərəfindən 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edilsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur. Dünya birliyi də buna göz yumur. Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir". 

Kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu deyən İcra Başçısı vurğulayıb ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub: "Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. 3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edilib. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00