Krımdakı azərbaycanlı tələbələr təhlükə ilə üzləşiblər
1 Aprel 2014 16:47 Siyasət"Təhsil və Xarici İşlər Nazirlikləri Krımdakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin çıxarılması prosesinə başlamalıdır" - bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib. D.Gülməmmədov qeyd edib ki, Ukraynanın Cənubi-şərq bölgələrində gərginliyin səngiməməsi səbəbindən ali məktəblərdə təhsil alan Azərbaycan vətəndaşlarının bu ölkəyə köçürülməsi mexanizmi hazırlanmalıdır. UQTMŞ sədri deyib ki, hazırda Odessa, Nikolayev, Xarkov, Donestk, Luqanskdakı universitet və digər ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr ictimai-siyasi vəziyyətin gərgin olması ilə əlaqədar narahatdırlar: "Krımdakı Azərbaycan vətəndaşları olan tələbələr isə elə bu həftə ərzində gecikdirilmədən çıxarılmalıdır. Onlar birbaşa provakasiya və təhdidlə üz-üzə qala bilərlər. Belə ki, artıq Ukrayna DİN Azərbacan vətəndaşlarına qarşı hüquq pozmaların və təhdidlərin olması barədə onlarla fakt fiksasiya edib. Rusiya xüsusi xidmət orqanları və rusiyameyilli ekstremist qrupların nümayəndələri Ukraynada guya milli azlıqlara və xarici vətəndaşlara qarşı ksenefobiyanın olduğunu imitasiya etmək üçün açıq fəaliyyətə keçiblər. Yaxın zamanlarda 2 azərbaycanlı tələbənin "Praviy Sektor" üzvləri tərəfindən Kiyevdə döyülməsi və qarət edilməsi faktı əslində bir provakasiya idi. Digər tərəfdən Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ailələri ciddi narahatlıq və psixoloji gərginlik içərisindədirlər. Artıq 20 nəfərdən çox Azərbaycan vətəndaşı olan tələbə təhsillərinin ölkəmizdə davam etdirilməsi üçün Ukrayna Təhsil və Elm Nazirliyinə rəsmi müraciət ünvanlayıblar. Digər tərəfdən, Nigeriya, İordaniya, İraq, Pakistan və Tanzaniya Xarici İşlər Nazirlikləri Ukraynada təhsil alan vətəndaşlarını ölkə ərazisindən çıxarırlar". ("OLAYLAR İA")