“Rusiya İllarianovun dediyi ölkələri işğal edəcək” - Elxan Şahinoğlu

“Qərb dilə gətirməsə də Rusiyadan tələbi budur ki, Krımı işğal edibsə, Ukraynanın digər ərazilərinə toxunmasın”

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Qərb mediasında Rusiyanın Ukraynanın digər ərazilərini işğal etməyə hazırlmaşması barədə yayılan məlumatlara münasibət bildirib. E.Şahinoğlu qeyd edib ki, Krımın işğalı Rusiyaya baha başa gəlib. Rusiya beynəlxalq aləmdən təcrid olunmaq üzrədir. "G-8" ölkələri sırasından çıxarılıb. Politoloq hesab edir ki, Rusiyanın siyasi arenadan sıxışdırılması prosesi davam edəcək. İndiki məqamda heç bir dövlətin ona siyasi ambisiyasına görə müharibə elan etmədiyini deyən Elxan Şahinoğlunun sözlərinə görə, bu, Krımın Rusiya tərəfindən işğalının beynəlxalq aləm tərəfindən həzm edilməsi demək deyil: "Qərb Rusiya ilə əlaqələrini daha da gərginləşdirməməyə çalışacaq. Qərb dilə gətirməsə də Rusiyadan tələbi budur ki, Krımı işğal edibsə, Ukraynanın digər ərazilərinə toxunmasın. Putin də başa düşür ki, zilə qalxsa, vəziyyət daha da pisləşəcək. Almaniya Kansleri Angela Merkellə Vladimir Putin arasında baş tutan telefon danışığının nəticəsi olaraq, Rusiya Ukrayna sərhədi yaxınlığındakı qoşunlarının bir hissəsini geri çəkib. Bu o deməkdir ki, Rusiya Şərqi Ukraynanın işğalına risk etmir. Maraqlısı odur ki, Rusiya Ukraynanın federallaşması tələbini irəli sürür və bu ölkənin daxili işlərinə qarışır. Moskvanın bu iddiası da təhlükəlidir. Əgər Rusiya Ukraynanın daxili işlərinə qarışsa, federasiyanın Qərblə əlaqələri çıxılmaz dalana dirənəcək". Elxan Şahinoğlu Putinin keçmiş müşaviri Andrey İllarianovun iddialarına da toxunub və qeyd edib ki, Krımı işğal etdikdən sonra Rusiyanın siyasi iştahası getdikcə şişir. Politoloq hesab edir ki, Rusiyanın Ukraynadan başqa Dnestryanı bölgəyə, Cənubi Qafqaza və digər ölkələrə göz dikib. "Böyük ölkələr Rusiyanı dayandırmasalar, İllarianovun iddia etdiyi əraziləri işğal edə bilər" - deyə Elxan Şahinoğlu bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00