“Rusiya sərhədlərini bağlaya bilər” - POLİTOLOQ

Vəfa Quluzadə: “Putinin siyasi xəttinə görə, xalqlar yenə də ağır əmək düşərgələrində qul kimi işləməlidirlər”

Rusiya prezidenti Vladimir Putinin sabiq müşaviri Andrey İllarionov İsveçin "Svenska Dagbladet" qəzetinə müsahibəsində bildirib ki, Kreml başçısı Belarusiya, Baltik ölkələri və Finlandiyanı işğal etməyə hazırlaşır. İllarianova görə, Putin bu ölkələri ələ keçirmədən Rusiyanı genişləndirmək cəhdlərini dayandırmayacaq. Məsələyə münaisbət bildirən politoloq Vəfa Quluzadə bildirdi ki, Putin İllarianovun qeyd etdiyi ölkələri tutmağa cəhd etsə, bu NATO ilə Rusiya arasında "soyuq müharibə"-nin başlanmasına səbəb olacaq. V.Quluzadə qeyd etdi ki, Rusiyanın NATO ilə belə bir mübarizəyə hazır olmasını demək çətindir. Putinin ürəyindən çox şey keçə bilər. Politoloqun sözlərinə görə, Rusiyanın bu planları həyata keçirməyə imkanı varsa, belə bir qərara gedəcək. Səudiyyə Ərəbistanı və ABŞ arasında bağlanmış neft müqaviləsinə toxunan Vəfa Quluzadə vurğuladı ki, bu saziş 100% Rusiyanın əleyhinədir: "Səudiyyə Ərəbistanı və digər neft istehsalı ilə məşğul olan ölkələr istənilən halda neftin qiymətini aşağı sala bilərlər. Belə bir tendensiya Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər". Vaşinqton və Brüsselin Moskvaya qarşı hansı təsir rıçaqlarından istifadə edə biləcəyi ehtimalını dəyərləndirən V.Quluzadə bildirdi ki, Qərb heç vaxt Rusiya ilə hesablaşmayıb. Politoloq hesab edir ki, Qərb indiyədək Rusiyanı olduqca aciz və zəif təsəvvür edirdi. Rusiyanın Qərbin ona qarşı mövqelərini götür-qoy edərək cavab verdiyini deyən Vəfa Quluzadənin sözlərinə görə, Brüsselin Rusiyanı hansı şəkildə cilovlaması gələcəyin məsələsidir: "Rusiya cilovlanmaya da bilər. Belə olacağı təqdirdə Rusiya Şimali Koreya perspektivinə üz tuta bilər. Kreml Şimali Koreya kimi sərhədlərini bağlıyıb xalqa bəyan edə bilər ki, federasiya hər tərəfdən düşmənlə əhatə olunub. Moskvanın bu siyasətə üz tutması inandırıcıdır. Putinin imperialist siyasəti xalqın narazılığına səbəb olacaq. Putin Stalin kimi insanları Sibirə sürgün edib güllələtdirə bilər. Prezidentin siyasi xəttinə görə, xalqlar yenə də ağır əmək düşərgələrində qul kimi işləməlidirlər. Bu planın yenidən baş tutacağı inandırıcı deyil". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00