Son yüz ilin ən dəhşətli qətliamı
31 Mart Azərbaycanlıların soyqırım günüdür
31 Mart 2014 17:38 SiyasətMartın 31-də Humanitar Araşdırmalar İctimai Birliyi "Azərbaycan tarixi -Azərbaycan gəncliyi: tarixi kontekstdən müasir reallığa doğru" layihəsi çərçivəsində seminar-mühazirə keçirib. Tədbir barədə məlumat verən İctimai Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru Nurlana Qasımlı bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycan dövlətçilik tarixinin dünəni və bu günü ilə bağlı gənclərə məlumatın verilməsi, onları tarixi faktlarla tanış etmək və vətənpərvərlik hissinin yüksəldilməsidir. Bu məqsədlə seminarın mövzusu "1918-ci il 31 mart-azərbaycanlıların soyqırımı" seçilib. İB sədri əlavə edib ki, 1918-ci il 31 tarixindən bizi 96 il ayırır. Ötən müddət ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktı barədə çoxsaylı faktlar aşkar edilib. Məlum olub ki, soyqırım zamanı Azərbaycanın müxtəlif bölgələrində 20 minə yaxın vətəndaşımız qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Qətlə yetirilənlər sırasında təkcə azərbaycanlılar deyil, digər millətlərin də nümayəndələrinə rast gəlinir: "1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib". Qətliamın miqyası nəzərə alınaraq 1998-ci il martın 26-da prezident Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalanıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qeyd edib ki, 1918-ci il 31 mart soyqırımı son yüz ildə Cənubi Qafqazda müsəlmanlara qarşı törədilmiş ən dəhşətli qətliamdır. 31 mart tarixinin Azərbaycanlıların Soyqırım Günü kimi qəbul edilməsi isə elə də asan məsələ deyildi. Soyqırım faktının miqyası geniş olduğundan Prezident səviyyəsində belə biq qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq ümumilli lider belə bir fərmana imza atdı. Onun sözlərinə görə, erməni daşnakları azərbaycanlılara qarşı soyqırım aktını mütəmadi olaraq xronoloji ardıcıllıqla həyata keçiriblər. Öz məkrli niyyətlərini həyata keçirmək üçün zaman -zaman məqam gözləyib, yaranan imkanı əldən verməyiblər.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 167 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Tarixçi alimin bildirdiyinə görə, o vaxt bolşeviklər tərəfindən Azərbaycan hərbi hissələrinin tərki-silah olunması barədə qərar verilmişdi. Buna baxmayaraq bir güllə sədası soyqırım aktı üçün başlanğıc oldu. 3 gün ərzində Bakı vəhşicəsinə talana, qırğına məruz qaldı: "Amma demək olmaz ki, soyqırım aktı məhz mart ayında başladı. Çünki 1917-ci ilin fevralından 1918-ci ilin martınadək İrəvan quberniyasında 135 min müsəlman əhalisi qətlə yetirilmişdi. Əgər erməni separatizminin tarixinə nəzər salsaq bəlli olar ki, bunun kökü, aktiv və siyasi separatizm səviyyəsində 19-cu əsrin ikinci yarısının sonlarına təsadüf edir. Aktiv silahlı qırğınlarla müşayiət olunan separatizm 1905-ci ilin fevralından başalayır".
Onun sözlərinə görə, ermənilər Çar Rusiyası tərəfindən Türkiyə və İrandan gətirilərək Qafqazda yerləşdirilməyə başlanıb: "Məhz bu yerləşdirmədən real məskunlaşma prinsipi doğdu. Söhbət ermənilərin İrəvan, Naxşıvan və Qarabağ xanlıqlarında yerləşdirməkdən gedirdi. Bunun nəticəsində erməni faktoru əhali amilinə çevrilmişdi. Təkcə Tiflis şəhər Dumasının 79 üzvündən 56-sı erməni idi, maliyyə oliqarxiyası, şəhər idarəçiliyi ermənilərin əlinə keçmişdi. Nəticədə ermənilər 19-cu əsrin sonunda siyasi təşkilatlanmaya başladılar. Belə halda ermənilər tərəfindən təkcə azərbaycanlılara qarşı deyil, hansı əraziyə iddia edirdilərsə, oranın əhalisinə qarşı soyqırım aktı törədirdilər. Qətlə yetirilən uşağın, qocanın günahı o idi ki, onlar həmin ərazilərdə yaşayırdılar. Bu zaman isə söhbət ideoloji mübarizədən, vətəndaş müharibəsindən deyil, məhz soyqırımdan gedə bilər". Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan xalqı, eləcə də gənclər bu tarixi faktlardan ibrət götürməlidir. Millətimiz həmişə ayıq olmalı, mümkün təhlükəni hiss etməlidir: "Biz bu tarixi hadisənin arxasındakı böyük oyunları bilməliyik ki, bu gün və gələcəkdə hansı addımlar ataçağımızı müəyyən edə bilək. Çünki hələ də bu oyunlar bitməyib, millətimiz və dövlətimizə qarşı təhlükələr tam olaraq aradan qalxmayıb".
Alim