Etnik separatizm elə bir xəstəlikdir ki...
Etnik separatçılar bir çox məsələlərə münasibətdə erməniləri təkrar edir
31 Mart 2014 17:20 SiyasətHafiz Mirzə
www.hafizmirza.com
Elə mövzular var ki, o barədə nəinki yazmaq, heç düşünmək belə istəmirsən. Biri də milli məsələdir. Etnik separatçılar bu mövzunu elə urvatdan saldılar ki...Amma milləti sevməsən, sevgindən isə yazmasan olmur. Çoxluğun- yəni hakim, aparıcı xalqın millətçiliyi özünü böyüklük- alicənablıq, azlıqlara qayğı və daha ağır məsuliyyət daşıyıcısı kimi göstərir. Məsuliyyət ağırlığı dedikdə... Məsələn, Osmanlıda Vətən, ölkə, dövləti-aliyə məsələlərində azlıqlardan biri olan ermənilərin döyüşməsini, həlak olmasını münasib saymırdılar, bunu özlərinə yaraşdırmırdılar. Etniklərin - milli azlıqların millətçiliyi isə hökmən aparıb separatizmə çıxardır. Kiçiklərin böyüklük maniyası olur axı. Ərazisində bir çox xalqların yaşadığı Azərbaycan kimi ölkədə ifrat millətçilik heç aparıcı xalqa da yaraşan deyil. Azərbaycan üçün əslində hamını birləşdirən Azərbaycançılıq ideologiyası ən yaxşı millətçilikdir. Təəssüf ki, hazırda ölkədə çoxluq Azərbaycançılıq ideologiyasına tapınsa da, bəzi etniklərin sırasından baş qaldırmış bir ovuc boşboğaz ünsür hələ də separatçı xülyalarla yaşamaqdadır. Onlar şüurdan kənar olsa da, bununla əslində özünü təsdiq etmək, tanıtmaq ehtiyaclarını ödəyirlər, amma mənsub olduqları xalqı hansı bir fəlakətə sürüklədiklərini anlamırlar, anlaya da bilmirlər. Ümumiyyətlə, ifrat millətçilik zəif insanların həssas nöqtəsidir. Bəzi insanlar çox istəyir ki, onun xalqını gecə-gündüz, harada gəldi, necə gəldi yalnız tərifləsinlər, ən qədim, ən uca, ən qüdrətli bir xalq hesab etsinlər, onunla hesablaşsınlar, onlara əlavə təzminat versinlər,.. Vətəndaş cəmiyyətində bunu haqq etməyən fərdlərin milli mənsubiyyətə görə qazanmasının düzgün və qanuni olmadığını anlatdıqda sən düşmən hesab olunursan. Çox zaman hakim çoxluq tərəfindən azlığın haqqının qəsb edilməsi iftirası gündəmə gətirilir. Bəzi mafioz dairələr separatçılıqla nəsə qazanırlar. Böyük və qüdrətli xalqlar ucalığa tərifdən deyil, tənqiddən keçib gələrlər. Azərbaycan xalqının ədəbiyyatında, publisistikasında onun qüsurlarını sadalayan və tənqid edən bir çox yazarlar olub (Q.B.Zakir, S.Ə.Şirvani, M.P.Vaqif, M.Ə. Sabir, C.Məmmədquluzadə, H.Ziya, R.
Əhmədzadə və s.) və indi də var. Amma onlar öz xalqını heç vaxt təhqir etmədilər, ələ salmadılar, ucuz gülüş hədəfinə çevirmədilər. Çünki bu təhqirdir və deməli, cinayətdir. Təəssüf ki, indinin özündə bəzi etniklər öz zahiri görkəmi və ya ləhcəsi ilə gülüş hədəfinə çevrilir, ancaq kimsə buna görə cəzalandırılmır. Çünki bunu edənlər elə o xalqın öz nümayəndələri olur. Məsələn, sevgili talış xalqı! Son vaxtlar nədənsə bu xalqın hər hansı bir nümayəndəsini hansısa bir siyasətçi və ya publisist fərdi qüsurlarına görə tənqid edəndə və ya o şəxs yarıtmaz fəaliyyətinə görə vəzifədən çıxardılanda bu hal az qala milli faciəyə çevrilir, etirazlar başlanır, o saat milli ədavət notları işə düşür. Bir səbəb də əcnəbi şərhçilər, onların rəxnə toxumları və dünyanın müasir gərdişidir. Əslində talış xalqını ən çox ələ salan, gülüş hədəfinə çevirən talış Müşfiq Şahverdiyevdir. Amma kimsə onun dediyi sözlərə, işlətdiyi ifadələrə, jestlərinə, mimikalarına, öz çıxışlarında talışları gülünc vəziyyətə qoymasına ciddi əhəmiyyət vermir. Hətta onu Lənkəran və Astara toylarında çıxış etməyə də məmnuniyyətlə, pulunu artıqlaması ilə verərək dəvət edirlər. Elə "Bu şəhərdə" adlı ucuz hır-hırxananın aparıcı aktyoru Coşqun Rəhimov da bir talış olaraq öz xalqını öz çıxışlarında həddən artıq çox məsxərəyə qoyur. Halbuki bir vaxtlar bir neçə yumoristik səhnəcikdə talış qadın obrazını yaratmağa çalışan türk Afaq Bəşirqızını az qala topa-tüfəngə tuturdular. Beləcə talış millətçilərinin (əgər belə ifadə doğrudursa) məntiqi ilə özünkülər talış xalqına qarşı hər cür həqarət edə bilər, amma bir başqasına nənki bu, hətta hər hansı bir talışın fikirləri ilə razılaşmamaq da haramdır və ya bu onlar üçün milli xəyanətdir, faciədir. Bu zavallılar birinci Qarabağ savaşı zamanı döyüşlərdə erməni gülləsilə şəhid olmuş 200-dən çox talış balasının qanı üstündən adlayaraq Dağlıq Qarabağa Hollandiyadan (!) səfər edən və orada ermənilərin mübarizəsinə haqq qazandıran Ələkrəm Hümbətova da heç utanıb-qızarmadan havadarlıq edir, haqq qazandırırlar. Təkcə ona görə ki, o talışdır! Halbuki bir başqasını bu səbəbdən topa tutardılar. İnsanın siması, əxlaqı, vicdanı olmadıqda ondan hər şey gözləmək olarmış!
Eyni cür ifadə 1993-cü ildə Ə.Hümbətovun Lənkəranda silahlı çevriliş edərək hakimiyyətdən qovduğu insanların indi ona məhz talış olduğuna görə qahmar çıxmasına, əvvəlcə qorxudan dolayısı yolla, indi isə həyasızcasına birbaşa bəraət qazandırmasına da aiddir. Sağlam məntiq bu cür dönüklüyü qəbul etmir və təbii olaraq bu insanlar xəstə hesab olunur.
Bu yaxınlarda haqqin.az saytında Eynulla Fətullayevin "Talış "tətikçilərini" Azərbaycanın üstünə kim qaldırır" adlı araşdırma yazısı diqqətimi cəlb etdi. Xocalı soyqırımı ilə bağlı yazdığı bədnam yazılardan sonra Eynullanı ciddi bir yazar kimi qəbul etmir və oxumurdum. Amma mövzu nədənsə məni çəkdi. Etiraf etməliyəm ki, mükəmməl bir araşdırma idi! Bir qrup etnik separatçının Brüsselə getməsini, Avropa İttifaqında Azərbaycan əleyhinə müzakirələr açmasını, onların çürük ideyalarını Eynulla daha geniş formada, detallarına qədər və ustalıqla qələmə çəkmiş, konkretləşdirmiş və məntiqi ardıcıllıqla nizama düzmüşdü. Müəllifin bir vətəndaş olaraq parlaq və kəskin mövqeyi də xüsusi qeyd olunurdu. Hətta yazının ona məxsus olduğunu dəqiqləşdirmək üçün müəllifin adına bir neçə dəfə nəzər salası oldum. Bunu o yazmışdı - Xocalı qətliamını törətmiş erməni və rusu deyil, bu qətliama məruz qalmış xalqımızı- öz xalqını ittiham etmiş Eynulla! Yazını Eynulla Fətullayevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında tövbəsi də hesab etmək olardı. Dərhal yazını facebook səhifəmdə paylaşdım. Bu cür həqiqətləri sevgili talış dostlarımın, eləcə də yerliçilik hisslərinə qapılaraq səhvən "talışçı"ya çevrilmiş bəzi gənclərin, talış olmasa da məhz cənubdan olduğuna görə özünü talış hesab edən və etdirilən bəzi tanışların, qohumların bilməsini vacib hesab etdim. Lakin təəssüflər olsun ki, Eynullanın bu yazısına onlardan reaksiya gəlmədi. Bir çox ziyalılar, o cümlədən Hacıbaba Əzimov və Firudin Cəlilov kimi tanınmış alimlər bu yazını bəyəndiklərini ifadə etdilər. Ertəsi gün isə birdən-birə bir görünməz qüvvə sanki bir sürü separatçının ağzını mənim facebook səhifəmə sarı yönəltdi. Bu adamların əksəriyyəti yəqin ki, məhz öz həqiqi adları ilə profil açmadıqları üçün Eynullanın ünvanına elə böyük cəsarətlə təhqirlər yağdırmağa başladılar. Daha çox da guya ki, kimsə bilmirmiş kimi Eynullanın Xocalı barədə 5-6 il əvvəl yazdıqlarını qabardırdılar. Əminəm ki, bu separatçı ünsürlər o vaxt məhz Eynullanı müdafiə edənlərin, onu yanlış fikirlərinə görə alqışlayanların sırasında olmuşdular. İndi isə Eynulla məhz onların bostanına daş atdığı, maskalarını yırtdığı üçün birdən-birə bütün təhqiramiz ifadələrə layiq görülürdü. Müzakirənin yönümü dəyişməsin deyə onları əsas mövzuya istiqamətləndirməyə çalışdım. Hətta bir neçəsinin təhqiramiz fikirlərini pozası, profilini "dost" siyahısından siləsi və ya virtual əlaqədə blok qoymaqla əngəlləyəsi oldum. Mən müzakirəni ona görə açmamışdım ki, kimsə burada özünün separatçı fikirlərini yaymaqla məşğul olsun. "Qoşqar Fətullazadə", "Rais Həmidov", "Anar Caspian" adı ilə yazanlar özlərini güclə ələ ala bilsələr də, meydana atılan Seyran Rəfiyev və Mirfayaz Likməkani əsil etnik separatçı kimi çığır-bağır saldılar. Guya ki, Azərbaycan iqtidarı və azərbaycanlılar ona TV vermədiyi üçün talış xalqını sıxışdırır, onun mədəni haqları tanınmır, ona zülm edir, əzab verirdi. Seyran Rəfiyevin adı Eynullanın məqaləsində də çəkilirdi. Mövzu milli ədavət üstündə kökləməsin deyə onu inboxda yazışmağa dəvət etdim. Amma bu xəstə təfəkkürlü ziyasız insana cavab verməyin vaxt itkisi olacağını qəbul edib, siyahıdan çıxartmağı daha münasib sandım. "Mirtağı İsbandi" niki ilə yazan həpənd isə Eynullanı buraxıb, mənim üstümə cumdu. Onu tanıdım. Yarıtmaz bədən tərbiyəsi müəllimi olan birisinin bu cür müzakirələrdə qatıqlaması təbii hal idi. Elə "Talysh Talyshzade" və "Asharu Talishi" nikləri ilə yazan infizorların təhqiramiz ifadələri də bunların iç üzünün dəqiq göstəricisi idi. Bunlar artdıqca onların vahid bir mərkəzdən idarə olunması daha açıq-aşkar bilinirdi. Bu arada "Rafiq Cəlilov" da haradansa peyda oldu. Onun da adı Brüsseldəki qondarma dinləmələrə gedənlərin sırasında idi. Hər kəs də müzakirənin əks tərəfində durduğum üçün mənə hədə-qorxu gəlir, tezliklə hakimiyyətə gələcəklərini və mənim şəhər meydanında asacaqlarını bəyan edirdilər. Bu cür aciz-avaraları 1993-cü ildə çox görmüşdük. 1993-cü ilin 23 avqust tarixində vətənpərvər qüvvələr əliyalın hücum edərkən bunların atalarının, əmilərinin, dayılarının əlində avtomat silahlar vardı. Əli silahlı ikən biz onları əliyalın qovub ŞİH binasını azad etmişdik. Atalarından, əmilərindən, dayılarından artıq olmayacaqdılar. Hələlik facebookda dil pəhləvanlığı edirdilər. Bunlar təkidlə Azərbaycan hökumətinin talışlara TV verməli olduğunu tələb edirdilər. Bir vaxtlar bu cür təkidlə talışca tədris aparılmasını tələb etmişdilər. Talışların sıx yaşadıqları kənd məktəblərində 4-cü sinifə qədər talış dili tədris olunmağa başlandı. Ancaq bir çox talışlar ingilis, rus dillərini öyrənib dünyaya çıxmağın vacib olduğu müasir zamanda uşaqlarına onsuz da yaxşı bildikləri dərs keçirilməsini artıq vaxt itkisi hesab etdilər. Sonra talışca kitablar buraxıldı. Nə bu, nə də toylarda talışca mahnılar oxunması geniş vüsət qazanmadı. Amma qəzet buraxmağa başladıqda iç üzləri açıldı. "Tolışa sədo" və "Şəvnışt" kimi qəzetlər bir neçə nömrədən sonra talışları həddən artıq yuxarılamaq, azərbaycanlıları isə aşağılamaq kursu götürdü. 1993-cü il iyunun 15-də Ə.Hümbətov Lənkəranda Dövlət çevrilişi edərkən 2-ci növbədə televiziya stansiyasını, sonra yerli LTV-ni və "Röyal" TV-ni ələ keçirtmişdi. Bunlar ona güclü təbliğat işi üçün lazım idi. İndi də separatçı yönümlü şəxslər talış dilində televiziya tələb edir və bu olmadığı üçün özünü bədbaxt, zavallı və əzilən xalqın nümayəndəsi hesab edirdilər. Sanki dövlət orqanları bunu istəyənləri tanımır, hansı yuvanın quşu olduqlarını bilmirdi. Ölkədə rəsmi dövlət dilindən savayı digər heç bir dildə TV olmadığı bunların vecinə deyildi. Yəqin ki, azərbaycanlıların talışca bilmədiyinə görə rahatca anti-Azərbaycan təbliğatı apara biləcəklərini düşünürdülər. "Qoşqar Fetullazade" və "Mirfeyaz Likmekani" görünür öz dilində yüzlərlə TV-si olan Rusiyanı, Türkiyəni buna görə dünyanın ən xoşbəxt xalqı hesab edirdilər. "Azəri -Talış Birliyi" adı altında separatizm yaymaq iddiasında olan bir qondarma və rəsmən tanınmamış qrumun gənclər təşkilatının üzvü sayılan Mirfəyaz Likməkani talış olaraq özünün qədim kökləri ilə öyünmək istəyirdi. Amma bəy-əfəndi bilmirdi ki, əgər o həqiqətən də seyid idisə, əslində talış yox, ərəb sayılmalı idi. Zatən talışçılıqdan dəm vuranların bir çoxu eləcə ərəb, fars və türk kökənli insanlardır. Adam "azəri" adlı xalqın əslində azərbaycanlılara (Azərbaycan türklərinə) aid olmadığını və fars kökənli xalq sayıldığını bilmədən bu adla təşkilat qeydiyyata aldırmaq istəyir. Mirfəyaz isə "namus" sözü məhz talışca olduğu üçün onu anladığını, amma "vicdan"ın nə olduğunu bilmədiyini dönə-dönə etiraf edir və bu sözün mənasını soruşurdu. Adama bir deyərlər, sən get əvvəlcə heç olmasa vicdanın nə demək olduğunu öyrən, sonra gəl vicdan mücahidi donuna girməyə çalış. Onun "namus" sözünü necə dərk etməsi çox maraqlıdır. Heç demə "namus" sözü talışca "nom" sözündən yaranıbmış və "mənim adım" deməkdir.)))) "Nom" alman və ingiliscə də "ad" mənasını verirdi. Amma kimsə almanlarda, ingilislərdə namus olduğunu iddia edə bilməz. Bu cür gülünc məntiqlə Molla Sərdar adlı birisi sözlərin tərkibindəki hansısa hecanın talışca hansısa mənaya yaxın olduğunu şərh etməklə dünyanın büsbütün talışlardan və talış dilindən yarandığını yazmışdı. İndi Mirfayaz da bu cür yanaşırdı. Adam demokratik tələblər irəli sürür, amma onların fikirlərini qəbul etməyən hər kəsi vicdansızlıqda ittiham edirdi. Sanki hamı bunları qəbul etməyə, sevməyə və hər iddiasına gerçəkləşdirməyə borclu idi! Sanki Azərbaycanda bunlardan savayı digər heç bir xalqın haqqı yox idi. Ukraynanı da sionist qüvvələr əvvəlcə bu cür daxildən parçaladılar. Amma sadə talış xalqı belə "oxumuşlardan" daha müdrikdir. Onu hələ 1993-cü ildə çaşdıra bilmədilər, yenə də bacarmayacaqlar!
* * *
P.S. Bir neçə gün sonra Ermənistanın nüfuzlu yazarı Levon Məlik-Şahnəzəryan voskanapat.info saytında E.Fətullayevin bu yazısına cavab olaraq təhqiramiz məqalə yazdı. Eyni ilə facebookdakı etnik separatçıların fikirlərini təkrar edirdi.
Həqiqətən də bütün dünya separatçıları daun xəstələri kimi bir-birlərinə oxşayırlar. Heç birinin də müalicəsi yoxdur.