AKP-nin qələbəsini şərtləndirən amillər

Razi Nurullayev: “Ərdoğan doğurdan da Türkiyənin iqtisadi və siyasi gücünü artırdı”

Türkiyədə daha bir seçki marafonu nəhayət ki, başa çatdı. Bəlkə də Türkiyə tarixinin ən səs-küylü seçkisi kimi yadda qalan bələdiyyə seçkilərinin qalibi əvvəlcədən də proqnozlaşdırıldığı kimi baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası oldu. Seçkilərin ilkin nəticələrinə görə,  hakim partiya olan AKP səslərin 46,92, CHP-27,79,  MHP-14,41 faizini toplayıb. Sonrakı yeri isə 2,99 faiz səslə  BDP tutub. Düzdür, AKP-nin seçkilərdə qələbəsi əvvəlcədən proqnozlaşdırılsa da, lakin Türkiyədə seçki öncəsi baş verən proseslər, 17 dekabr olayları, ən əsası Fətullah Gülənlə Ərdoğan və onun partiyası arasında yaşanan insdentlərin AKP-nin çoxlu sayda səs itirəcəyinə, hətta seçkidən məğlub çıxacağına səbəb olacağı bildirilirdi. Ancaq bütün bunlara rəğmən AKP seçkinin qalibi oldu. Hətta sözügedən partiya 2009-cu ildə keçirilən bələdiyyə seçkilərindəki uğursuzluğu da sığortaladı. Əgər 2009-cu il seçkilərində AKP seçicilərin 38 faiz səsini qazanmışdısa, bu dəfə Ərdoğanın partiyası 50 faizə yaxın səs yığa bildi. İndi çoxlarını yalnız bir sual düşündürür. AKP necə oldu ki, bütün bu çətinliklər, sıxıntılardan çıxaraq qələbəsini yendən təmin etdi?

"Region" Beynəlxalq Analitik Mərkəzinin sədri, politoloq Razi Nurullayev bildirib ki, keçən ilin 17 dekabrında keçirilən rüşvət və yolsuzluq əməliyyatı Ərdoğan iqtidarına ciddi zərbə vurmuş oldu. Onun sözlərinə görə, 11 illik hakimiyyətində ilk dəfə idi ki, Ərdoğan belə gözlənilməz zərbə alırdı: "Amma, açığı Ərdoğan güclü siyasətçi və natiqdir. Onun yerinə kim olsaydı, bəlkə də 17 dekabr olaylarından sonra özünə gələ bilməzdi. Amma, o nəinki, özünə gəldi, hətta qələbə də qazandı".  Ərdoğanın rəhbərlik etdiyi partiyanın yenidən qələbə qazanmasının səbəblərinə gəlincə politoloq hesab edir ki, Ərdoğan doğurdan da Türkiyənin iqtisadi və siyasi gücünü artırdı: "Neçə illər heç kimin həll etməyə cürət etmədiyi problemləri də həll etməyə qalxdı. Məsələn, qeyri-populyar olan barış sürəci. Barış sürəcinin başlanması, Kürdlərlə barışın əldə edilməsi, silahların susması və Türk ailələrinə mehmetcik cənazələrinin gəlməməsi uğurlu siyasət oldu. Lakin, digər tərəfdən Türkiyədə millətçi kəsim də çox radikaldır və onun barış sürəcini heç də bütün siyasətçilər, ordu mənsubları və xalq qəbul etmir". Razi Nurullayev deyib ki, Ərdoğan həm də güclü iqtisadiyyat qura bildi: "Amma, o kapital, düşüncəmə görə, öz komandasının və tərəfdarlarının əlində toplaşıb. O bütün türklərin baş naziri olmaq istəsə də siyasətdə qalmaq arzusu və idarəçiliyini davam etdirmək üçün apardığı fəaliyyət buna mane oldu. O, siyasətdə qalmaq üçün öz nazirlərini də belə xərcləməkdən çəkinmədi. Əslində, bu siyasətçi üçün doğal hissdir. Çünki, inandığın amalı dostluğa qurban vermək olmaz. Lakin, AKP mənsublarının xərclənən kəsimi də onun hakimiyyətdən getməsi üçün çalışacaqlar". Ekspert hesab edir ki, 30 mart seçkilərinin gələn il keçiriləcək prezident seçkilərinə də təsiri olacaq: "Eyni zamanda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilər də sürprizlər bəxş edə bilər. Zənnimcə, 2015-ci ildə AKP iqtidarının sonu olması ehtimalı real görünür. Çünki, 30 martdan sonra  AKP-yə qarşı kompromatların davam edəcəyini düşünürəm. Daha ciddi videolar və səs yazıları ictimaiyyəti qarışdıra bilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00