“ABŞ-Səudiyyə neft müqaviləsi Rusiyaya qarşı plandır” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “İranın enerji resurslarından bu istiqamətdə istifadə edilməyə cəhdlər olacaq”
31 Mart 2014 15:27 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli ABŞ və Səudiyyə Ərəbistanı arasında Rusiyaya qarşı olduğu iddia edilən neft müqaviləsinə münasibət bildirib. E.Mirzəbəyli hesab edir ki, iki ölkəsində bağlanmış müqavilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün atılmış addımdır. BAXCP rəsmisinin sözlərinə görə, ABŞ da eyni zamanda Avropa üçün enerji ehtiyatlarınının müəyyən qismini ayıracağını bildirib. Səudiyyə Ərəbistanı və ABŞ arasında bağlanmış müqaviləni ciddi adddım hesab edən E.Mirzəbəyli qeyd edib ki, oxşar proseslər SSRİ-nin son dönəmlərində də cərəyan edib: "SSRİ də mahiyyət etibarı ilə son illərində indiki Rusiyanın yürütdüyü siyasət üzərində dayanmışdı. Sovet İttifaqı xüsusilə respublikalara qarşı aqressiv siyasi xətt tutmuşdu. Son nəticədə bu proseslər SSRİ-də siyasi böhrana səbəb oldu. Siyasi böhrana səbəb neft qiymətlərinin kəskin şəkildə aşağı salınması və SSRİ-nin neft amilindən asılı olması idi. İndi də Rusiya ətrafında oxşar proseslər gedir. ABŞ-ın iqtisadi sanksiyaları həyata keçirilərsə və Rusiya ciddi iqtisadi böhranla üz-üzə qalarsa, bu da son nəticədə siyasi böhrana gətirib çıxara bilər. Gürcüstan proseslərində də Qərb dövlətləri və ABŞ-da eyni mövqedən çıxış edirdilər. Lakin bunlara baxmayaraq, Almaniya Rusiya ilə əlaqələrini gücləndirdi. İndiki məqamda isə az qala Fransa Rusiya ilə eyni mövqedən çıxış edir. Fransa ABŞ və Qərbin cəhdlərinə baxmayaraq, Rusiya ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsində maraqlı görünür. Lakin hələlik Qərb dövlətləri arasında Rusiya ilə əlaqədar konkret qərarlar verilməyib. Qərb dövlətləri Rusiyanın enerji asılılığından xilas olacaqlarına inanmırlar. Avropa İttifaqı da bu istiqamətdə konkret addımların atılmasını gözləyir. ABŞ Səudiyyə Ərəbistanı ilə yanaşı bundan sonra neft və qaz ixracı ilə məşğul olan dövlətləri də bu müqaviləyə qoşmağa çalışacaq. Yaxın dövrlərdə İranla münasibətlərdə yumşalmanın artacağı da gözləniləndir. İranın enerji resurslarından bu istiqamətdə istifadə edilməyə cəhdlər olacaq. İndiki məqamda isə ətrafında baş verən proseslərin Rusiyaya hansı təsiri göstərəcəyini proqnozlaşdırmaq düzgün deyil". ("OLAYLAR" İA)