"Milyarderlər İttifaqı" Jirinovskiyə nədən cavab vermədi?
Abbas Abbasovla Söyün Sadıxovun şübhəli susqunluğu
19 Mart 2014 17:38 SiyasətRusiya şovinistlərinin və anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təxribat xarakterli çıxışları davam etməkdədir. Hələ 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən başlayaraq bu günə kimi Rusiyanın müxtəlif zümrələri tərəfindən verilən qərəzli açıqlamalar ürək bulandırmaqda davam edir. Məsələ orasındadır ki, Azərbaycanla bağlı verilən məqsədli açıqlamalar nə ciddi ictimai-siyasi xadimlər, nə də dövlət rəsmiləri tərəfindən deyil, həm ölkəsində, həm də MDB məkanında nüfuzdan düşmüş siyasi səylər tərəfindən verilir. Necə deyərlər "camaata it hürsə, bizə çaqqal-çuqqal ulayir". Son belə açıqlamalardan biri Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskidən gəldi. Belə ki, sadə vətəndaşlar arasında şizofren kimi tanınan V.Jirinovski bəyan edib ki, "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı". Fikir verin, milliyyətinin, onu əkib-biçənin kimliyini ahıl yaşına qədər dərk edə bilməyən bir şəxs əsrlərlə tarixi, mədəniyyəti, soyu, soykökü olan millət barədə hansı həqarətləri söyləyir. Bəllidir ki, erməni diasporasının süfrəsinin artıq-urtuğundan yal alan bu şəxs birinci dəfə deyil ki, Azərbaycan dövləti, türk milləti barədə xoşagəlməz fikirlər söyləyir. Dəfələrlə bu tipli açıqlamalar olub və müxtəlif səviyyələrdə cavabını alıb. Ancaq Rusiya Dövlət Dumasının tribunasından belə fikirlərin səsləndirilməsi artıq onun cızığından çıxmasına, yəni siyasi mədəniyyət çərçivəsini aşmasına dəlalət edir. Belə halda Jirinovskinin bu fikirlərini cavabsız qoymaq, onu siyasi əxlaqsız, təlxək, dəli adlandırıb məsələdən yan keçmək olmaz. Susmaq mövqeyində durmaq ən azından onun fikirləri ilə razılaşmağa bərabər olardı. Nəzərə almaq lazımdır ki, Jirinovski həm də şərqşünas kimi tanınır, bu baxımdam onun hər bir açıqlaması düşmən dəyirmanına su tökə bilər. Elə bunun cavabı özünü çox gəzlətmədi, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təlxək siyasətçinin ipini çəkdi: "Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin son "çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır. Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı. Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə "dur" deməyin vaxtı çoxdan çatıb". Z.Əsgərov deyib ki, V.Jirinovskiyə siyasi təlxək deyirlər: "Fikrimizcə, "tərif" doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir. Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur". Fikrimcə, birinci vitse-spiker açıqlamasında Jirinovskinin siyasi portretinə xas olan bütün həyasızlıq cizgilərini sadalaya bilib. Bəlkə də etika xatirinə onun digər mənfi cizgilərini açıqlamaqdan vaz keçib. Ancaq məsələ burasındadır ki, digər ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın məsələyə nədən biganə qalması narahatçılıq doğurur. Xüsusən, Rusiyada özünü ziyalı, Azərbaycan dövləti və xalqını sevən, millətindən ötrü canından keçən kimi təqdim edən şəxslərin sükutu başa düşülmür. Nədən, "ziyalıların toplaşdığı Milyarderlər İttifaqı", bu ittifaqda təmsil olunan şəxslərin səsi çıxmır? Axı onlar özlərini cəmiyyətə Rusiya elitasında sayılıb-seçilən, nüfuz sahibi, sözü keçən şəxslər kimi sırımağa çalışırdılar. Bir müddət öncə Abbas, Abbasov, Söyün Sadıqov kimi "mehriban düşmənlər" özlərini Azərbaycansevər kimi təqdim edərək xalqı parçalamaq, ölkəni bölmək uğrunda savaşa çıxmışdılar. Hanı indi ardıcıl verilən, Azərbaycanin imicinə xələl gətirən bəyanatların müəllifləri? İndi hünər, söz, mübarizə meydanıdır, Azərbaycan xalqı, dövləti və ən nəhayət, millətimiz təhqir olunub. Niyə özlərini ziyalı, "millət atası" adlandıran bu kəsimlər ağızlarına su alıb dayanıblar? Əslində, belələrindən belə bir cəsarət gözləmək də sadəlövlük olardı. Çünki, onlar millətə, vətənə, dövlətə kürəkdən vurmağa öyrəşiblər. Həm də nəzərə almaq lazımdır ki, belələri üçün biznes marağı sadalanan məfhumlardan yüksəkdə durur. Məhz bu səbədən Jirinovski kimi nadan siyasətçilər ölkəmiz barədə təhqiramiz ifadələr işlətməkdən çəkinmirlər.
Alim