Bahar Muradova: “Nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkündür”

"Radikal müxalifətin özünün fəaliyyəti elə mətbuat üzərindədir. Çünki onlar nə normal - səmərəli fəaliyyətə, nə də sosial dəstəyə malikdirlər". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud mühitdən istifadə olunaraq bir sıra siyasi cərəyanlar yarandı və təəssüflər olsun ki, bu sırada radikallar da özlərinə yer tutdu. 
O zamankı hakimiyyət boşluğunun nəticəsində radikal düşərgə nümayəndələri özləri iqtidar oldular. Amma onlar nəinki xalqın dəstəyini qazana bilmədilər, hətta qısa müddət sonra cəmiyyət tərəfindən qəbul edilmədilər. Hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir. Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından dağıdıcılıqdan imtina etmədi. Odur ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi katakizmlərin surətini qiyabi olaraq - mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. 
Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil. Çünki hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir. Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00