Radikal müxalifətin fəaliyyəti mətbuat üzərindədir
19 Mart 2014 15:25 Siyasət"Radikal müxalifətin özünün fəaliyyəti elə mətbuat üzərindədir. Çünki onlar nə normal - səmərəli fəaliyyətə, nə də sosial dəstəyə malikdirlər. Ümumiyyətlə, cəmiyyət radikalizmi qəbul etmir, ona görə də radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova səsləndirib. O, yap.org.az saytına verdiyi müsahibədə qeyd edib ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir: "Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından dağıdıcılıqdan imtina etmədi. Odur ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi katakizmlərin surətini qiyabi olaraq - mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil. Çünki hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir".