“ABŞ Rusiyanı neftlə çökdürəcək” - FİKİR
Qadir İbrahimli: “Rays bəyanatında da bildirdi ki, neftin qiymətlərindən istifadə etməklə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilməlidi”
19 Mart 2014 13:39 Siyasətİqtisadçı-ekspert Qadir İbrahimli Nyu-Yorkun NYMEX əmtəə, ICE London qitələrarası birjasında neftin yenidən bahalaşmasına münasibət bildirib. Q.İbrahimli hesab edir ki, neftin indiki məqamda bahalaşması gözlənilən idi. Rusiyanın Ukrayna ətrafında sərgilədiyi siyasi oyunların bahalaşmaya səbəb olduğunu deyən ekspertin sözlərinə görə, bahalaşmadan sonra qəfil ediləcək ucuzlaşma Rusiyanın neft ixracatının məcburi şəkildə azaldılmasına hesablanıb. Qadir İbrahimli hesab edir ki, neftin indiki məqamda bahalaşması müvəqqəti xarakter daşıyır. Növbəti mərhələdə ucuzlaşma gözləniləndir. Dünya birjasında neftin qiymətlərinə ediləcək qəfil ucuzlaşmasının Rusiya iqtisadiyyatına təsirləri barədə məsələyə toxunan Qadir İbrahimli qeyd etdi ki, belə bir addım federasiya iqtisadiyyatına öldürücü təsir edəcək: "Çünki Rusiya iqtisadiyyatı tamamilə neft sektorundan asılıdır. Rusiya neftinin maya dəyəri də çox bahadır. Bu vəziyyətdə birjada neftin ucuzlaşdırılması Rusiya üçün ağır nəticələrə səbəb olacaq. Bir dəfə 2008-ci ildə bu cür praktika təcrübədən keçrilib". Dünya birjasındakı neftə nəzarət paketinin Qərb dövlətləri və ABŞ-ın nəzarətində olduğunu deyən ekspert bildirdi ki, OPEC ölkələri dünya neft hasilatının 35-40%-ni ödəyir. Q.İbrahimli hesab edir ki, OPEC ABŞ-ın nəzarəti altındadır: "Amerika qurum vasitəsilə neft bazarındakı vəziyyəti tənzimləyə bilir. Neftin qiymətlərinin dəyişməsi ABŞ-ın marağında olan məsələdir. Kondaliza Rays bəyanatında da bildirdi ki, neftin qiymətlərindən istifadə etməklə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilməlidir. Bu müstəvidə indiki məqamda neftin bahalaşması müvəqqəti xarakter daşıyır". ("OLAYLAR" İA)