“Putin Krımı işğal etməklə canını qurtardı” - AÇIQLAMA

Vəfa Quluzadə: “O, bununla ölkə iqtisadiyyatının çökməsi problemini ABŞ və Avropanın üstünə atacaq”

Politoloq Vəfa Quluzadə "Olaylar"-ın "Krımın işğal edilməsi yeni tarixi dönəmin başlanğıcı ola bilərmi? Bu, digər qüvvələrin dünya ölkələrində işğalçılıq planlarını həyata keçirməsinə rəvac verə bilərmi?" suallarını cavablandırdı. V.Quluzadə bildirib ki, Rusiyanın Krımı işğal planının təhlilini bilmək lazımdır. Politoloqun sözlərinə görə, Prezident Vladimir Putin 2000-ci ilin əvvəllərindən Rusiya hakimiyyətindədir. Onun keçən illər ərzində Rusiyanı uçrumun kənarına gətirdiyini deyən V.Quluzadə hesab edir ki, onun iqtidarı dövründə ölkədə korrupsiya halları genişlənib, oğurluq hallarının sayı artıb, kənd təsərrüfatı, iqtisadiyyat, nə də ki, ictimai sferaya heç bir dövlət diqqəti ayrılmayıb: "Krım məsələsindən qabaq rus mütəxəssislər də Rusiya iqtisadiyyatının çökdüyünü etiraf edirdilər. Rublun birjadakı məzənnəsi tamamilə aşağı düşüb. Siyasi qüvvələr və xalq Putindən soruşacaqdılar ki: "Siz hakimiyyətdə olduğunuz illərdə hansı işləri görmüsünüz". Putin Krıma hücum edərək, öz canını qurtardı. V.Putin onu qınayanlar qarşısında arqument kimi Krım məsələsinə görə, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını gətirəcək. Putinin bununla ölkə iqtisadiyyatının çökməsi problemini ABŞ və Avropanın üzərinə atacaq. Nəticədə xalqı öz iradəsinə tabe etməyə çalışacaq. Rusiyada xalq Putinin Krımı işğal etməsini başa düşmür. Putin planı lap əvvəllər həyata keçirə bilərdi. O, başa düşür ki, Rusiyanı uçurumun kənarına gətirib və qınaqlardan yayınmaq üçün yeganə çıxış yolu Krım işğal etmək idi. Putin bu gedişlərlə özünün məsuliyyətə cəlb edilməsinin də qarşısını aldı. O, yalnız hakimiyyətdəki mövqeyini qoruyur. Krımın işğal olunması yeni tarixi dönəmin başlanğıcı olmayacaq. Kremlin bu gedişləri heç də digər super güclərin başqa-başqa ölkələrdə işğalçılıq planlarının həyata keçirmələrinə rəvac verməyəcək. Əksinə - ABŞ, Qərb dövlətləri, BMT kimi beynəlxalq təşkilatlar Rusiyanı cəzalandıracaqlar ki, növbəti dəfə bu cür hadisələr baş verməsin. İndən sonra Krım kimi hadisələrin baş verməsinin qarşısı alınacaq". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00