Rusiyanın Krımı işğalı planlaşdırılmış hərəkət idi

Fazil Mustafa: “Putinin istədiyi situasiyanı ona vermək lazım idi”

Bu gün dünyaya sözün həqiqi mənasında öz gücünü nümayiş etdirən və zor gücü ilə Krımı özünə birləşdirən Rusiya Qərbin təsir vasitələrinə rəğmən geri çəkilməyə maraqlı görünmür. Bu azmış kimi Kremlin yeni-yeni işğalçılıq planları barədə düşündüyü açıqca sezilməkdədir. Ukraynada gedən prosesləri və Rusiyanın Krımla bağlı atmış olduğu son addımı dəyərləndirən millət vəkil Fazil Mustafa deyir ki, Rusiyanın Krımı işğalı planlaşdırılmış hərəkət idi: "Ancaq bu hərəkət üçün həm də Putinin istədiyi situasiyanı ona vermək lazım idi. Ukraynada Azadlığı istəyənlər önə çıxa bilmədi, Azadlığı sevənlər siyasəti Maydana daşıdı, Maydan vakkumu onları Azadlıq aşıqlərinə çevirdi, aşıqlər həqiqətən fədakarlıqla döyüşdülər və gözlənildiyi kimi son bir məqamda Məcnun maksimalizmindən qurtula bilmədilər. Formal olaraq Yanukoviçi iqtidarda tutaraq, gözlənilən təhlükəni yumşaltma qərarı verə bilmədilər. Bizim 1992-ci ildəki daha qətiyyətsiz Azadlıq aşıqliyimizin bənzəri çox detalları var burada. Ukrayna hadisəsi bir gerçəyi hamının xəyal dolu başına soxdu. Demokratiyadan öncə dövlətin şikəst orqanizmə çevrilməsini əngəlləmək. Bu gün kimsəyə sirr deyil ki, Ukrayna, Moldova, Gürcüstan və həm də bizim Azərbaycan orqanizmində bədxassəli şiş yetişən onkoloji xəstə vəziyyətindədir. Artıq Rusiya kimisə öldürmür, onkoloji pasientə çevirir. İstəsən də, istəməsən də kimyəvi müalicə üçün qapısına getməyə məhkumsan". Millət vəkili indiki situasiyada rəsmi Bakının atmalı olduğu addımlardan da danışıb: "Bəs indi Azərbaycan nə edə bilər? Bəzi dostlarımızın ifadə etdiyi şəkildə guya indiki Ukrayna iqtidarını tanımasaq Rusiyanın könlünü almış olarıq. Əslində Rusiyanın indiki Ukrayna iqtidarını tanımama deyə bilr tələbi yoxdu, köhnə Ukraynanı tanımama tələbi var. Üstəlik, artıq Rusiyanın heç könlü də qalmayıb, silahı çalışır. Krımsız Ukraynanı tanımaq Ukraynanın da Qarabağsız Azərbaycanı tanıması deməkdir. Ukraynanın ərazi bütövlüyünü tanımaq, eyni zamanda Rusiyanın yeni ərazi bütövlüyünə şübhəli yanaşmaqdır. O zaman Rusiya da Dağlıq Qarabağın müstəqilliyinə tamamilə şübhəsiz yanaşacaqdır. Xeyli əvvəllər düşünürdük ki, harada bir rus əsgəri varsa, orada müstəqillliyə hər zaman ciddi təhlükə var. Sonra başa saldılar ki, harada bir rus varsa, orada müstəqilliyə müdaxilə imkanı daha realdır. Bu gün qarşılaşdığımız gerçəklik daha vahiməlidir: Harada bir rus dilində danışan insan varsa, heç rus mənşəli olmasına da gərək qalmır, onun hüquqlarının qorunması bəhanəsi kifayət edər ki, müstəqilliyimiz şübhə altına alınsın". Fazil Mustafa qeyd edib ki, bu gün Azərbaycan iqtidarı təhlükənin hər an baş verəcəyini gözləməyə məhkum sərhədçiyə bənzəyir: "Onun beynindən ev qayğılarını, problemlərini mütləq çıxarmaq lazımdır. Bütün diqqət hər an pozula biləcək sərhəd zolağına yönəlməlidir". Millət vəkilinin sözlərinə görə, Qərbin buzqıran gəmisi təyinat məntəqəsinə gələnə qədər, Şimalın buzundan don vurmamış çıxmalıyıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00