Ziyafət Əsgərov: “Vladimir Jirinovskinin son "çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır”
18 Mart 2014 18:05 SiyasətRusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin son "çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır. Bunu jurnalistlərə Milli Məclisi sədrinin 1-ci müavini Ziyafət Əsgərovun V.Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibəti bildirərkən deyib. Z.Əsgərov bildirib ki, Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı: "Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə "dur" deməyin vaxtı çoxdan çatıb".
Z.Əsgərov deyib ki, V.Jirinovskiyə siyasi təlxək deyirlər: "Fikrimizcə, "tərif" doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir. Azərbaycanlı adlı xalqın əslində mövcud olmadığını "kəşf" edən bu başa bəla "tarixçi - şərqşünas" Rusiya Dövlət Dumasının tribunasından deyib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı. Bu nə deməkdir? Bu o deməkdir ki, öz soykökünü gizlədən, atasının milliyyətini soruşduqda - hüquqşünasdır - deyə cavab verən bu xəstə siyasi təlxək Jirinovski böyük tarixi və mədəniyyəti olan xalqı təhqir etmişdir. Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur".