Cənubi Qafqazın geosiyasəti Rumıniyada müzakirə edilib

Rumıniyanın paytaxtı Buxarestdə "Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, Fondun dəstəyi ilə keçirilən konfransda Azərbaycan parlamentinin deputatları, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak ediblər. Cənubi Qafqazın dünyanın intensiv geosiyasi proseslərin cərəyan etdiyi regionlarından biri olduğunu xatırladan Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Dağlıq Qarabağ münaqişəsindən danışıb, problemin regionun inkişafı üçün əngəl yaratdığını bildirib. Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Azay Quliyev Cənubi Qafqazın geosiyasi vəziyyəti haqqında danışıb, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edən deputat münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal olunduğunu xatırladıb. O, Avropa İttifaqının bu məsələ ilə bağlı mövqeyini ortaya qoymasına ehtiyac olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00