Elxan Süleymanov Avropadan Ermənistana sanksiya tələb etdi

"Avronest" Parlament Assambleyasının vitse-prezidenti, AŞPA üzvü Elxan Süleymanov Avropa Komissiyası, Aİ Şurası, Avropa Parlamenti prezidentləri, AŞPA baş katibi, "Avronest"-in həm prezidentləri, Aİ xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı, AŞ və AP-ın "Avronest" üzvlərinə müraciət edib. Müraciətində Ukraynada baş verən proseslərin ciddiliyini avropalı rəsmilərə çatdıran E.Süleymanov bildirib ki, o, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edir. E.Süleymanov qeyd edib ki, AP, Aİ, BMT TŞ və digər qurumların məsələyə münasibəti, qəbul etdiyi qərarlar Avropanın Ukraynanın ərazi bütövlüyünün dəstəkləməsinin göstəricisidir. Bəs nə üçün Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı eyni xarakterli tədbir və bəyannamələri dəstəkləmir? Hörmətli Prezidentlər, Ərazi bütövlüyü beynəlxalq hüququn baza prinsipi olmaqla, müasir dünyamızda dünya siyasəti və diplomatiyasının normal və dinc fəaliyyətinə şərait yaradır. Bu, məhz beynəlxalq səviyyədə müzakirə apara, işləyə və uğur qazana biləcəyimiz fundamental əsasdır və o fakta əsaslanır ki, heç bir dövlət separatçı hərəkatlara müdaxilə edə, yaxud onları təşviq edə, digər dövlətin torpaqlarına hücum yaxud onları hərbi işğal edə və ya sərhədləri təcavüzkar yolla dəyişməyə cəhd göstərə bilməz. Biz Ukraynada olduğu kimi, Azərbaycanda da bu prinsipin faktiki olaraq hər cür pozulmasının şahidi olmuşuq. Bəs nə üçün Avropanın cavabları fərqlidir? Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Azərbaycan ərazisinin təxminən 1/5 hissəsi 24 ildir ki, Ermənistanın işğalı altındadır, Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarətdə saxlayır və orada istədiklərini edir. İşğal nəticəsində Azərbaycanın bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün düşüb, yüz minlərlə insan isə zərər çəkib. BMT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr, eləcə də Aİ bir sıra mətnlər qəbul edib. Bəs hanı Ermənistana qarşı sanksiyalar? Mən Sizə xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və Ukrayna böhranı qədər diqqətə layiqdir". Elxan Süleymanov Ermənistanın işğalının regionda və Azərbaycanda humanitar fəlakətlərə yol açdığını da avropalı rəsmilərin diqqətinə çatdırıb. "Mən Avropa institutlarından Azərbaycan və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlərə bu gün Ukraynaya edilən eyni dəstəyi göstərmələrini tələb edirəm. Müraciətimə verəcəyiniz cavabı qabaqlayaraq, sizləri yalnız qətnamələrin qəbulu ilə kifayətlənməməyə, onların icrasına nail olmağa, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıram. Beləliklə, Sizdən ikili standart, riyakarlıq və ayrıseçkilik göstərməməyi gözləyirik. Azərbaycana da Ukrayna ilə eyni səviyyədə dəstək verin. Gəlin dünyanın hər yerində ərazi bütövlüyü prinsipinə riayət etməklə, Aİ-nin özəyini təşkil edən dəyərlərə həqiqətən hörmət etdiyimizi göstərək. Sizi Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bütün səviyyəli tədbirlərdə Azərbaycan torpaqlarının işğalı məsələsinin də müzakirə olunması barədə qərar verməyə çağırıram" - E.Süleymanov müraciətində deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00