“Türkiyə Rusiyanın Qara dənizə girməsinə qadağa qoymalıdır” - AÇIQLAMA

Üzeyir Cəfərov: “Almaniya, ABŞ, İngiltərə, Fransa və digər Avropa İttifaqı dövlətləri Rusiyanı cəzalandıracaq”

Hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin boğazlar vasitəsilə rus donanmasının Qara dənizə girməsinə qoyacağı qadağa barədə məsələyə münasibət bildirib. Ü.Cəfərov qeyd edib ki, Türkiyə Rusiyaya belə bir qadağa qoymalıdır. Rusiyanın cəzalandırılmasının vacib olduğunu deyən Üzeyir Cəfərovun sözlərinə görə, Kremlin son zamanlarda atdığı addımlar özbaşnalıqdır və separatizmə rəvac verir. Ekspert hesab edir ki, Ukrayna ərazisinin bir həssəsini zorən öz tərkibinə qatan və məsələyə siyasi don geyindirən Putin hakimiyyəti ən yaxın gələcəkdə bədəl ödəyəcək: "Rusiyanın bu dəfə bütün dünyaya oxuduğu meydan, səsləndirdiyi fikirlər onun qeyri-səmimi dövlət olmasına dəlalət edir. Rusiya Krım tatarlarını çıxılmaz vəziyyətə salıb. Ukrayna daxilində baş verən prosesləri milli müstəviyə, münaqişə çərçivəsinə gətirib çıxaran Rusiyadır. Türkiyə də NATO üzvü olan dövlət kimi lazım olan addımları atacaq. Həftə sonunda Avropa dövlət başçıları səviyyəsində bu məsələyə münasibət bildiriləcək. Rusiyanın şirnikləndirici vədlərinə inanan Sevastopol və digər regionlar yaxın gələcəkdə bunun acısını hiss edəcəklər. Rusiya daxilində çox çətin iqtisadi böhranlar yaşanacaq. Həmin proseslər özündən razı olan Putin avtokratiyasının çökməsinə səbəb olacaq. Türkiyənin Qara dənizlə bağlı atacağı addımlar da Rusiya üçün yaxşı nəticə ortaya qoymayacaq. Dağlıq Qarabağ kimi böyük bir münaqişənin başında da Rusiya dayanır. Rusiya özünü bu istiqamətdə Krım məsələsində göstərdi. Türkiyənin Rusiya istiqamətində atacağı addımlar dəstəklənməlidir. Çünki Moskvanın qəbul etdiyi siyasi qərarlara etinasız yanaşılsa, bunun davamı gələcək. Hesab edirəm ki, Almaniya, ABŞ, İngiltərə, Fransa və digər Avropa İttifaqı dövlətləri Rusiyanı cəzalandıracaq. Cəzanın nəticəsi özünü çox gözlətməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00