Əli Həsənov: “Azərbaycan jurnalistləri milli maraqları hər şeydən uca tutmalıdırlar”

Azərbaycan dövləti iqtidarlı, müxalifətli, hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Ə.Həsənov qeyd edib ki, əlbəttə, Azərbaycan jurnalistini Azərbaycan dövlətinə qarşı, Azərbaycanın milli maraqlarına qarşı çevirmək cəhdləri də olur: "Təəssüflər olsun ki, bəzi dövlətçilik təfəkkürü zəif olan insanlar müəyyən müddət o cərəyanlara qoşula da bilirlər, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət verər, tarix verər". PA rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, nə olursunuz olun, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir vətənimiz var, o da Azərbaycandır: "Dünyanın hansı ölkəsinə getsəniz, sizi millətlərin nümayəndələrindən fərqləndirən azərbaycanlı olmağınız olacaq, azərbaycançılıq məfkurəsini daşımağınız olacaq. Siz dünyada yalnız bir azərbaycanlı kimi uğur qazana bilərsiniz. Siz Azərbaycan vətəndaşı olaraq yalnız azərbaycançılıq nümunəsini yarada və azərbaycanlı olmanızla da fəxr edə bilərsiniz. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bundan artıq nə ola bilər?"

Ə.Həsənov deyib ki, jurnalistlər yaradıcı insanların ən aktiv təbəqələrindən biridir. Ümummilli liderimiz Heydər Əliyev jurnalist əməyini həmişə fərqləndirirdi: "Əgər Həsən bəy Zərdabi Azərbaycanda milli mətbuatının əsasını qoydusa, ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatı üzərindən bütün tənzimləmə və təsir mexanizmlərini yığışdırdı, onu dinamik inkişaf yoluna çıxardı və milli mətbuatın hərtərəfli inkişafı üçün əlindən gələni etdi. 1998-ci il avqustun 6-da Azərbaycanda sözün həqiqi mənasında azad sözün təməli qoyulub. Heydər Əliyev deyirdi ki, "jurnalist əməyi fədakarlıq tələb edən əməkdir". Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistikaya münasibəti haqqında çox danışmaq olar. Sizin hər biriniz bilirsiniz ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra nəinki Heydər Əliyevin əsasını qoyduğu demokratik ənənələrini davam etdirdi, eləcə də milli jurnalistikaya, yaradıcı insanlara Azərbaycan dövlətinin diqqət və qayğısını tam gücü ilə nümayiş etdirdi". Onun sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlarla, jurnalistlərin sosial-müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə ardıcıl tədbirlər həyata keçirdi, Azərbaycan mediasına dövlət dəstəyinin göstərilməsinə başladı: "Bu müsabiqə jurnalistlər üçün təkcə yarış mühiti yaratmaq deyil, eyni zamanda, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən aksiyadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00