“Onların səmimiyyətinə inanmıram”
Avropada Qarabağla bağlı tədbirlər keçirən bəzi qurumların fəaliyyəti tənqid olunur
17 Mart 2014 17:32 SiyasətQarabağ probleminin müzakirəsi ilə bağlı bu gün Azərbaycanda müxtəlif QHT-lər fəaliyyət göstərir. Bütün səylərə baxmayaraq problemin həlli istiqamətində gözə çarpacaq hər hansı addım atılmır. Bəlkə də problemin həll olunmamasının başlıca səbəblərindən biri də QHT-lərin fəaliyyətindəki qeyri-peşəkarlıq amilidi. 31 mart - 1 aprel aralığında xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Almaniyanın paytaxtı Berlində "Yeni Yanaşmalar və Yeni İmkanlar" mövzusunda forum keçirməyi planlaşdırır. "Hər kəs Qarabağ üçün" şüarını rəhbər tutan forum təşkilatçılarının kimliyi haqda isə mediada kifayət qədər sərt və tənqidi ifadələrə rast gəlmək olar. Məlumatda bildirilirdi ki, ASAİF hər tədbirə təxminən 100-150 nəfər aparır. Bu şəxslərə yol, otel xərclərindən başqa gündəlik cib xərcliyi də ödənir. Bu məbləğin üzərinə tədbirlər üçün kirayələnən məkanların, tədbir sonrası bahalı restoranlarda ziyafətlərin də xərci də əlavə ediləndə söhbətin milyonlarla dollardan getdiyi aydın olur. Məlumatda daha bir maraqlı məqam vardı. Qeyd olunurdu ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Strateji Araşdırmalar Mərkəzi, 1news.az, ASAIF, İRƏLİ, eləcə də "Rahat" marketlər şəbəkəsini "işlətdiyi" haqqında iddialı xəbərlər var. ASAİF Berlində keçirmək istədiyi Qarabağ tədbiri ilə bağlı məlumat Ramin Hakimov Facebook səhifəsində yazılıb. Tədbir Qarabağ problemi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına töhfə verməyi nəzərdə tutur. Azərbaycan gənclərinin Avropada milli məsələlərin təbliği, özəlliklə də Qarabağla bağlı tədbir keçirməsi təqdirəlayiqdir. Amma bir iş var ki, bu kampaniya hansısa dairələrin özünü reklamına, Qarabağ adı ilə maxinasiyasına oxşayır. Yeri gəlmişkən, qurumun sədri Ramin Hakimovla bağlı maraqlı məlumatlar var. 2010-cu ildə youtube sosial şəbəkəsində Ramin Hakimovla bağlı video-çarx yayılmışdı. İngiltərə şou-proqramlarından birinə qatılan Ramin Hakimov Azərbaycanın neft gölməçələrinin fonunda ingiliscə mahnı oxuyur. Həmin vaxt auditoriyaya "Azərbaycanı tanıyırsınızmı" sualını verən aparıcı ölkəni "Eurovision" yarışması ilə yada salır. Aparıcının yadına "Eurovision" yarışmasının düşməsi Ramini geyimi ilə də bağlı ola bilər. Qırmızı şalvar, zərli köynək, bəyaz qanadlar. Ən qəribəsi də budur ki, Azərbaycan gəncliyinin qəbul etmədiyi bu cür tip kimlərinsə əli ilə milyonlarla vəsait ayrılan bir qurumun rəhbəri kürsüsündə əyləşdirilib. Və Qarabağla bağlı tədbiri də bu qurum, onun rəhbəri Ramin Hakimov keçirir. Qarabağla bağlı problemlərin müzakirəsinin sıradan bir şəxslər tərəfindən təşkil olunması əlbətdə ki, ürəkağrıdıcı bir məsələdi. Ölkə başlıca problemi olan Qarabağ münaqişəsi, erməni vəhşiliklərini dünya ictimaiyətinə çatdırmaq üçün aidiyyatı şəxslər tərəfindən daha gərəkli addımların atılmasına ehtiyac var. Əfsuslar olsun ki, bəzən Qarabağ münaqişəsini müzakirə obyektinə çevirən bəzi QHT-lər bununla özlərinə müəyyən imic qazanmaq istəyirlər. Mahiyyət etibarı ilə hər hansı ciddi bir işin görüldüyü isə ortalıqda yoxdu. Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə də mövzu ilə bağlı "OLAYLAR"a münasibət bildirib. O QHT-lər, o cümlədən bir sıra dövlət qurumlarının Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya biləcəklərini deyir. Mərkəz rəhbəri bu tip tədbirlərin rezonans yaratması, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra beynəlxalq təşkilatların üzvlərinin, səfirlik nümayəndələrinin də işə cəlb olunmasını vacib sayır. O əks tərəflə informasiya savaşında qalib olmaq üçün lazımi materialların toplanılaraq təqdim edilməsinin də vacibliyini vurğulayır: "QHT-lər Qarabağla bağlı prosesin tənzimlənməsində önəmli rol oynaya bilərlər. Lakin bu tip tədbirlərə beynəlxalq qurumları cəlb edə bilmiriksə, əlbətdə ki bu təşkilatın fəaliyyətinin kifayət qədər ciddi olmadığını göstərir. Beynəlxalq təşkilatları, simaları, səfirlikləri də problemin müzakirəsinə cəlb edəriksə bu zaman gözlədiyimiz hər hansı nəticəni əldə edə bilərik. İnformasiya savaşında istifadə oluna biləcək materialların hazırlanması da çox vacibdi". Ş.Məcidzadə ASAİF tərəfindən Berlində təşkil ediləcək foruma da münasibət bildirib. O qeyd edib ki, adı çəkilən qurum Ermənistanla Türkiyə sərhədlərinin açılmasında maraqlı olmuşdu. Hazırda bu tip qurumların müəyyən şəxslərlə əlaqələrindən sui-istifadə edərək mövqelərini bərkidib: "Bu gün QHT-ləri təmsil edən aparıcı simalar haqda media vasitəsi ilə daha ətraflı məlumat ala bilirik. Azərbaycanın dövlət maraqları üçün qüsurlu ola biləcək bir cərəyanın tərkib hissəsi olan, onun əsarətinə çevrilən insanlar tərəfindən atılan belə addımların səmimiyyətinə inana bilmirəm. Bu cərəyanın özünün mövqeyi o idi ki, Türkiyə ilə Ermənistanın sərhədləri açılsın. Azərbaycanda da bu adamlar öz imkanlarından, o cümlədən qurumlar, məmurlarla əlaqələrindən istifadə edərək mövqelərini bərkidiblər. Biz indi şahidi oluruq ki, bir o qədər də tanınmayan, kənarda öz işi ilə məşğul olan qurumlar daha böyük nailiyyətlərə əl atırlar, nəinki bu tip qurumlar". Qarabağ münaqişəsində, ümumiyyətlə hərbi xidmətdə olmayan şəxslərin vətənpərvərlikdən danışmasının vətənə xidmət kimi dəyərləndirməyən Ş.Məcizadə bu tip addımların cəmiyyət tərəfindən də qeyri-səmimi qarşılandığını deyir: "Qarabağ haqda danışmazdan öncə yaxşı olardı ki, ilk növbədə harada xidmət etdiyimizi bioqrafik məlumatlarımıza daxil edək. Dövlətlərinə hansı dərəcədə, harada xidmət etməsinə nəzər yetirmək lazımdı. Danışmaq da vətənə xidmətdirsə, o zaman deyək ki, bayatı deyənlərdən çox xidmət göstərən yoxdu. Və ya həmin şəxslərin mənsub olduğu ailələrin nə kimi xidmət göstərdiyini araşdırmaq, bu haqda ətraflı məlumat vermək lazımdı. Xidmət etməyən adamın Qarabağ, vətənpərvərlikdən söz açması qeyri-səmimi görünür. Qurumlarda bir məsuliyyət hissi olmalıdı. Çox sadə bir nümunə çəkəcəyəm. Ermənilər arasında Qarabağdan söz açanların hamısı Qarabağ müharibəsində iştirak etmiş hərbçilər, ya da onların övladlarıdı. Onlara alternativ olaraq təklif etdiyimiz şəxslərin ümumiyyətlə Qarabağdan xəbəri yoxdu. Qarabağ savaşında iştirak edən, onun yolunda canından keçməyə hazır olan insanlar danışmalıdı. Ömründə bir dəfə də olsa, Qarabağın İşğal altında olan ərazilərinə getməyən, bu əraziyə aid strateji hərbi yüksəkliyi tanımayan, əsgər çəkməsi geyməyən biri Qarabağ haqda nə danışa bilər?"
Nigar Məhərrəm