Rusiya Ukraynanı özünə düşmən etdi
17 Mart 2014 14:57 Siyasət"Rusiya Krımı Ukraynadan qopardı kimi iddiaları qəbul eləmirəm. Fikrimcə, Rusiya bununla dünyada özünə təbii müttəfiq sayıla biləcək bəlkə də yeganə dövlət olan Ukraynanı özünə düşmən elədi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Ərəstun Oruclu Krımda keçirilən referenduma münasibət bildirərkən səsləndirib. Politoloqun sözlərinə görə, Putin yaxşı başa düşür ki, Krım məsələsində güzəştə getməklə o, özünün ciddi rəqibi olan hərbçilərə revanş götürmək imkanı verə bilərdi: "Hərbiyyənin revanş götürməsi isə Putin hakimiyyətinin iflası demək olardı. Arxasınca da məhkəmələr, həbslər, toplanmış oğurluq sərvətin alınması və s. Beləliklə, bütün kriminal dövlətlərdə olduğu kimi, yenə də hakimiyyət maraqları dövlət maraqları üzərində dominantlıq təşkil etdi və Krımda Putin, hərbçilər deyil, bütövlükdə Rusiya siyasəti tələyə düşdü". Ərəstun Oruclu deyib ki, ukraynalıların, Krım tatarlarının bu işğalla barışacağını təsəvvür eləmək belə çətindir: "Bu işğal Rusiya ilə tərəfdaşlığın mümkünlüyünü nəzərdən keçirən bəzi MDB dövlətləri üçün də dərs oldu. Nəhayət, son 100 ildə dünya iqtisadiyyatına ən çox inteqrasiya olunduğu bir dövrdə bu işğalın Rusiya iqtisadiyyatı üçün hansı maliyyə və iqtisadi nəticələr verəcəyini də hesablamaq bir o qədər çətin deyil. ABŞ-ın və Avropa Birliyinin sərt mövqeyini, digər geosiyasi məsələlərdə Rusiyanın ənənəvi müttəfiqi olan Çinin Krımın işğalında ona qarşı çıxmasını nəzərə aldıqda Rusiyanın dünyada təkləndiyini demək olar. Əlbəttə Cənubi Osetiyan, Abxaziyanın "müstəqilliyinin" tanınmasında Rusiyaya dəstək olan Nikaraqua, Vanautu kimi strateji tərəfdaşları nəzərə almasaq".