“Rusiyanın Qarabağ planını həyata keçirməyə imkanı olmayacaq” - AÇIQLAMA
Qabil Hüseynli: “Jirinovski nə qədər təxribatçı olsa da onun sözləri Rusiya xarici siyasətinin xətti ilə uyğun gəlir”
14 Mart 2014 15:01 SiyasətPolitoloq Qabil Hüseynli Rusiya Parlamentinin deputatı Vladimir Jirinovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi haqqında fikirlərini şərh edib. Q.Hüseynli bildirib ki, V.Jirinovskinin Qarabağla bağlı açıqlaması müəmmalıdır. Politoloqun sözlərinə görə, bunu həm Jirinovskinin, həm də Rusiyanın planı kimi dəyərləndirmək mümkündür. Deputatın Kremlin göstərişi əsasında danışdığını deyən Qabil Hüseynli: "Kremlin planlarında Qarabağın Rusiyaya birləşdirilməsi məsələsinin olması mümkündür. Dəfələrlə rus rəsmilər Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın nəzarətindən çıxarılıb Rusiyaya tabe edilməsi barədə fikirlər səsləndiriblər. Bu müstəvidə Rusiyanın geosiyasi planları içərisində Qarabağla bağlı məsələlər də yer alır. Jirinovski nə qədər təxribatçı olsa da onun sözləri Rusiya xarici siyasətinin xətti ilə uyğun gəlir. Çox təhlükəli tendensiyadır. Avantüristin Qarabağla bağlı fikirlərinə Xarici İşlər Nazirliyi cavab verməlidir" - deyə bildirib. Qabil Hüseynlinin sözlərinə görə, Rusiya Krım məsələsində elə bir bataqlığa düşüb ki, onun oradan çıxması ehtimalı sıfıra bərabərdir. Politoloq Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını həyata keçirməyə imkanı olmayacağı qənaətindədir. ("OLAYLAR" İA)