İranın Azərbaycana qarşı "daimi dostluğu"nun gerçək üzü

Son zamanlar İran İslam Respublikasının KİV-lərində ölkəmizin onlara qarşı düşmənçilik mövqe tutması barədə yazılar geniş yer almaqdadır. Azərbaycanı növbəti dəfə günahlandırmağa çalışan İran tərəfi, bu dəfə dövlətimizin guya qəsdən iki ölkənin münasibətlərini pozmağa çalışan tərəf kimi göstərmək niyyətindədir. 

İranın kütləvi informasiya vasitələri iddia edirlər ki, Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərən, həmin dövlətin rəsmi nümayəndəliklərinin əməkdaşları ölkəmizdə "heç bir səbəb olmadan sıxışdırılır, onların fəaliyyətlərinə müxtəlif maneələr yaradılır".

Bu qərəzin bariz nümunəsi kimi İran televiziyasının Bakı nümayəndəliyinin rəhbəri Əhməd Kazeminin İranın "Tehran radiosu"na verdiyi müsahibəsinə gətirmək mümkündür. Hörmətli həmkarımız Ə.Kazemi müsahibəsində dinləyicilərə "ötən bir neçə il ərzində İran televiziyasının Bakı nümayəndəliyi Azərbaycan xalqına və dövlətinə müxtəlif dəyərli xidmətlər göstərib, lakin onu Bakıdan qovurlar..." kimi məlumat vermişdir. Əcəba?! Maraqlıdır, uzun müddət ərzində Azərbaycana dəyərli xidmət göstərmiş, iki ölkənin tarixi ortaqlıqları və inteqrasiyası barədə minlərlə veriliş hazırlamış bu nümayəndəlik Azərbaycanda bu gün hansı problemlərlə üzləşibdir?

Bununla əlaqədar apardığımız jurnalist araşdırması nəticəsində oxucuların marağına səbəb ola biləcək və yaranmış sualları cavablandıracaq bir sıra faktlar əldə edə bilmişik.

Qeyd edək ki, araşdırmanın elə ilkin nəticələri bizi təəcübləndirib və məyus etdi. Özü də Əhməd Kazemi cənabları simasında! Sən demə, özünü "Azərbaycanı sevən bir şəxs" kimi qələmə verən Əhməd Kazemi ölkəmizdəki fəaliyyəti dövründə nəinki Azərbaycana hörmət etməyib - əksinə, ölkəmizin qanunlarını kobud surətdə pozaraq iki ildən artıq ölkəmizdə qanunsuz olaraq yaşayıb və fəaliyyət göstərib. Əhməd Kazeminin şəxsiyyətini oxucuya tanıtmaq və bu məqamlara aydınlıq gətirmək üçün biz onun tərcümeyi-halından bir neçə məqamlara toxunmalıyıq.

Əslən Təbriz şəhərindən və milliyətcə azərbaycanlı olan Əhməd Kazemi uzun illərdir ki, Azərbaycana qarşı ideoloji təxribat fəaliyyəti ilə məşğul olan, İrandakı soydaşlarımızın "Zəhər" adlandırdıqları "Səhər" telekanalının əməkdaşı qismində "Səhər" telekanalında işə başladığı gündən Azərbaycana qarşı kəskin düşmənçilik mövqeyi ilə xüsusilə seçilib. Bir çox hallarda məhz onun "kreativ" ideyaları əsasında "Səhər" TV ölkəmizə qarşı qərəzli təbliğatı gerçəkləşdirib. Azərbaycanda milli azlıqların hüqüqlarının pozulmasına dair qərəz dolu materiallar hazırlanıb. Ölkəmizin daxili və xarici siyasətinin diskreditasiyasına, etnik-separatçılıq meyllərinin qızışdırılmasına cəhdlər edilib.

Lakin Əhməd Kazemi "Səhər" televiziyasına göstərdiyi xidmətlərlə kifayətlənməyib. O, Azərbaycana qarşı böhtançılıqla məşğul olan "Şimali İran" (İranın bir hissəsi kimi təqdim olunan Azərbaycan nəzərdə tutulur) və bu kimi digər İnternet saytlarında "Rəsul Ərdəbili" və "Təbrizi" təxəllüsləri ilə ölkəmiz əleyhinə yazdığı məqalələri ilə açıq-aşkar Azərbaycana qarşı düşmənçilik mövqeyini nümayiş etdirib. Diqqətimizi cəlb etmiş "Pantürkizm və panazərizm" adlı kitabında isə Azərbaycan və Türkiyəyə qarşı açıq şəkildə fikirlər səsləndirmişdir. Ə.Kazemi kitabında "tarixən Azərbaycan adlı bir dövlətin olmadığını, əslində bu torpaqlarda Aran dövlətinin mövcud olduğunu" iddia edir. Müəllif Azərbaycanın sürətli inkişafını, digər ölkələrlə, xüsusilə də türk dövlətləri ilə əlaqələrinin genişlənməsini gələcəkdə İran üçün ciddi təhlükə kimi dəyərləndirir.

Beləliklə, Azərbaycan millətinə və dövlətinə düşmənçilik mövqeyində olan və bunu öz əməlləri ilə aşkar nümayiş etdirən bu şəxsin Tehran radiosuna verdiyi müsahibə zamanı, "Azərbaycana müxtəlif dəyərli xidmətlər göstərmişəm" ifadəsini işlətməsinə nə qiymət vermək olar? Hesab edirik ki, bu adam ya yüksək "qara yumor" hissinə malikdir, ya da onun ikiüzlülüyünün həddi-hüdüdü yoxdur. Düşünürük ki, burada yalnız ikinci variant daha həqiqətəuyğun ola bilər.

Ə.Kazeminin fəaliyyəti barədə onu da qeyd etmək olar ki, 2009-cu ildə o, Azərbaycana qarşı "uğurlu" fəaliyyətini davam etdirmək üçün, İranın Dövlət Teleradio Şirkətinin (İRİB) Bakı nümayəndəliyinə ezam olunduqdan sonra məlum səbəblərdən "Səhər" telekanalının əməkdaşı olmasını gizli saxlayıb və müxbir kimi Azərbaycanda işini davam etdirmişdir. Lakin çox keçmədən, onun ölkəmizə qarşı nifrəti və qərəzli mövqeyi yenidən üzə çıxıb və bunun məntiqi nəticəsi olaraq o, 2011-ci ilin sonunda arzu olunmaz şəxs kimi Azərbaycan ərazisindən uzaqlaşdırılmışdır.

Lakin "Əhməd Kazemi müsibəti" bununla bitməmişdir. İran dövləti Azərbaycana müraciət edərək, Əhməd Kazeminin geri qayıtmasını xahiş etmiş, ölkəmizə qarşı təbliğat fəaliyyətinin dayandıracağına söz vermişdi. Azərbaycan dövləti bir daha qonşuluq və dostluq prinsiplərinə əməl edərək, Kazeminin geri qayıtmasına imkan vermişdi.

Sonra nə baş verdi? Əhməd Kazemi yenidən Azərbayana qayıtdı. Ancaq təəssüflər olsun ki, İran dövlətinin vədlərinə baxmayaraq, ölkəmizə qarşı mövqeyini dəyişmədi. Bütün bunlarla yanaşı o, 2012-ci ilin yanvar ayından bu vaxtadək, Azərbaycanda işləməyə və yaşamağa icazə almadan ölkə qanunlarına növbəti hörmətsizliyini nümayiş etdirdi.

Son illər İranın Azərbaycandakı diplomatik və digər rəsmi nümayəndəliklərinin əməkdaşları tərəfindən qanunsuzluğa yol verilməsi halları kütləvi xarakter alıb. Onların Azərbaycan qanunlarına hörmətsizlik etmələrinin dəfələrlə şahidi olmuşuq. Buna misal olaraq İranın Bakıdakı Mədəniyyət Mərkəzinin mühasibat şöbəsinin sabiq əməkdaşı Əhməd Əhmədzadənin uzun müddət ölkəmizdə icazəsi olmadan işləməsini və s. bu kimi halları nümunə göstərmək olar.

Bəhs etdiyimiz məqamlarla bağlı ölkəmizin müvafiq qurumları dəfələrlə qanun pozmuş İran vətəndaşlarına xəbərdarlıq etmələrinə baxmayaraq, onlar həmin etirazlara məhəl qoymayıblar.

Bəs bütün bu məsələlərdə İran səfirliyinin rolu nə olmuşdur? Bəllidir ki, xarici ölkənin səfirliyi və digər rəsmi nümayəndəlikləri həmin ölkəni təmsil etmək, dövlətlər arasında dostluq əlaqələri yaratmaq, inkişaf etdirmək və nəhayət iki ölkə arasında yarana biləcək çətinlikləri aradan qaldırmaq missiyasını həyata keçirir.

Bəhs olunan məsələlərə qatılan İranın Azərbaycandakı səfiri Möhsün Pakayin problemi həll etmək əvəzinə, həmin şəxslərin əməllərinə bəraət qazandırmağa çalışıb, onların qanun pozuntularını ört-basdır etməklə, məqsədli şəkildə məsələni siyasətləşdirməklə, iki ölkə arasında gərginliyin yaranmasına zəmin yaratmışdır.

Lakin Azərbaycanla İran arasında dostluq və qonşuluq prinsipləri əsasında qurulmuş münasibətləri İran səfirinin və Mədəniyyət Mərkəzinin rəhbərinin tamamilə əks istiqamətə yönəltmələrinə, iki ölkə arasında ən azı diplomatik gərginliyin yaranmasına əsas yaratmalarına dəlalət edən yaxın zamanda baş vermiş daha bir hadisəni oxucunun nəzərinə çatdırmaq istərdik.

Səfir Möhsün Pakayinin və İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş rəhbəri Seyid İbrahim İbrahiminin bu ilin fevral ayında Azərbaycanda ali təhsil alan İran gəncləri ilə keçirdikləri görüşü zamanı iranlı tələbələr təhsil aldıqları Azərbaycan Tibb Universitetinin diplomlarının İranda tanınmamasından, iki ölkə arasında olan digər problemlərdən şikayətlənərək, bu çatışmazlıqların aradan qaldırılmasında səfirdən dəstək istəmişlər. Səfir isə öz cavabında problemlərin bundan sonra da davam edəcəyini bildirməklə, tələbələrə ATU-da oxumamağı tövsiyə etmələrini tapşırıb. Səfirdən sonra çıxış edən Mədəniyyət Mərkəzinin rəhbəri isə tələbələrə Azərbaycana doğma ölkə kimi baxmamağı tövsiyə edib, "buranın yad bir ölkə olduğunu, problemlərin bitməyəcəyini" vurğulayıb və "təhsil almaq niyyəti ilə Azərbaycana gəlməməyi məqsədəuyğun olmadığını" tələbələrin diqqətinə çatdırmışdır.

Araşdırmamız çərçivəsində tanış olduğumuz İranın Azərbaycandakı səfiri M.Pakayinin yazdığı "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" adlı kitabından Azərbaycanla İranın dostluğuna aid edilən bir sitatı nəzərinizə çatdırmaq istərdik: "Beynəlxalq müstəvidə dost qazanmaq bir incəsənətdir, dostluğu qoruyub-saxlamaq isə elə bir məziyyətdir ki, heç də bütün insanlarda, xüsusilə də bütün dövlət adamlarında rast gəlinmir. Bu günki gündə daimi dostluq qarşılıqlı ehtiram və öhtəlik tələb edir. Həqiqətən də, daimi dostluq yaxınlıqlara və oxşar cəhətlərə söykənməklə bunları zəiflətməyə və ixtilafları gücləndirməyə çalışan amillər qarşısında sayıqlıq göstərmək deməkdir".

Göründüyü kimi hörmətli səfir incəsənətdən uzaq olsa da, onun Azərbaycan xalqına sayıq olmaqla bağlı verdiyi tövsiyə yerinə düşüb.

Qəribədir, öz çıxışlarında iki ölkənin dostluğu və daima bu dostluğu möhkəmləndirən səylərindən danışan, lakin əməllərində əksinə olaraq dost adlandırdığı ölkənin qanunlarına hörmətsiz yanaşan və iki ölkənin arasında məqsədli şəkildə gərginlik yaradan cənab səfirin məqsədi nə ola bilər?!

Təəssüf ki, göstərilən faktlar yalnız bir nəticəyə gəlməyə əsas verir: hörmətli cənab səfir öz əməkdaşlarını bütün dünyada qəbul olunmuş diplomatik qaydalarını sistematik və şüurlu şəkildə pozmağa yönəltməklə, Azərbaycan tərəfini qanuni tədbirlər görməyə vadar edir və bundan sonra özünün fitnəkar fəaliyyəti nəticəsində yaranan problemlərə siyasi don geyindirərək, guya Azərbaycan dövlətinin İran İslam Respublikasına qarşı qərəzli mövqeyi ilə əlaqələndirir.

Paradoks isə ondan ibarətdir ki, ötən ildə İran İslam Respublikasının Prezidenti seçilmiş Həsən Ruhaninin İranın regiondaki dövlətlərlə, xüsusən də Azərbaycanla münasibətlərinin inkişafı və əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi səylər göstərdiyi bir zamanda, İranın Azərbaycanda siması olan fövqəladə səfir Möhsün Pakayin öz əməlləri ilə qeyd olunan siyasətin tam əksini açıq-aşkar nümayiş etdirir.

Əfsuslar olsun. Deyəsən, cənab səfir belə əməllərinin diplomatik davranış və fəaliyyət qaydalarına zidd olması ilə yanaşı, ölkələrimiz arasındakı münasibətlərə zərbə vuran nüanslar olduğunun fərqinə varmır.

Əgər fərqinə varırsa və bəhs etdiklərimizi bilərəkdən edirsə, onda səfirin Azərbaycanla bağlı bəyanatları və açıqlamalarının səmimiyyəti ciddi şübhələr doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00