“İcazəsiz “Eşq olsun” demək Milli Şuraya zidd hərəkət olacaq” – Qərar
Mirzə Sakit: “Ustufca ayıltmaq, sonra isə dəhşətli əlçalmalara məqbuldur”
14 Mart 2014 11:45 SiyasətSatirik şair, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit Milli Şuranı növbəti dəfə özünəməxsus şəkildə tənqid edib. Milli Şuranın qərarına əsasən aprel ayından etibarən iclaslarının sayını iki dəfə artıracağını deyən Mirzə Sakitin sözlərinə görə, qurumun yeni reqlamentinə əsasən iclaslarda çıxış edən natiqlərə 3 yox, 5 dəqiqə vaxt ayrılacaq: "İclas vaxtı alqışlara və "eşq olsun" sözünü demək üçün isə yeni qaydaya görə, əvvəlcədən sədarətin icazə cədvəlinə yazılmaq lazımdır. Əl çalmaq istəyən iştirakçıların "Bismillah" demədən əl çalmaları qeyri-legitim və anti-demokratik hesab olunacaq. "Bismillah" sözü isə ona görə işlədilməlidir ki, iclasda yuxulayan insanlar olur, onların hüquqlarını pozmamaq üçün əvvəlcədən "Bislmillah" deyib ustufca ayıltmaq, sonra isə dəhşətli əlçalmalara məqbuldur. İkinci şərt də qanunvericilik standartlarına tam cavab verir. Məsələn, hansısa, müxalifətçinin icazəsiz olaraq ikidən-bir yerindən qalxıb "eşq olsun" deməsi Milli Şuranın nizamnaməsinə zidd hərəkətdir. Amma qanunla icazəni al və vaxtın çatanda da ayağa qalx, papağını çıxart, boğazını arıtla və intonasiya ilə həm də var gücünlə, bərkdən Avropa standartlarına uyğun şəkildə "Eşq olsun" de və qalstukunu da sığallayıb sağa-sola fəxarətlə boylanaraq otur yerində. Vəssalam. Eşq olsun!". ("OLAYLAR" İA)