“Minsk qrupu işğalçını şirnikləndirib”
QAT: “Rusiya Ukraynaya təcavüz aktı həyata keçirir”
12 Mart 2014 16:07 Siyasət"Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının zəbt olunması ilə başlayan, Moldavanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri ilə davam etdirilən, Ukraynanın Krım vilayəti ilə yeni mərhələyə qədəm qoyan son 25 illik işğal prosesini Rusiyanın qonşu ölkələrə qarşı birbaşa təcavüzü kimi dəyərləndiririk" - Qarabağ Azadlıq Təşkilatının ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinin növbəti ildönümü və Ukrayna hadisələri ilə bağlı qəbul etdiyi bəyanatda belə deyilir. Bəyanatda beynəlxalq birliyin birgə səyləri ilə Rusiyanın bu siyasətinin dayandırılması tələb edilir: "Azərbaycan torpaqları 25 ildir Ermənistan və Rusiyanın birgə səyləri nəticəsində işğal olunub. Bu ərazilərin hələ də işğal altında qalmasının əsas məsuliyyəti də ilk növbədə Minsk qrupunun üzərinə düşür. Minsk qrupu mövcud olduğu 22 il ərzində işğalçıların cəzalandırılması, zəbt etdiyi torpaqlardan çıxarılmasına nail olmaq əvəzinə, işğalçının daha da şirnikləndirilməsinə, işğal etdiyi ərazilərdə möhkəmlənməsinə yardım edib". Qeyd olunur ki, beynəlxalq təşkilatların işğalçılara qarşı "dözüm" göstərməsinin nəticəsidir ki, Rusiya bu gün Ukraynaya qarşı təcavüz aktı həyata keçirir: "Rusiya Krımın yerli əhalisi adından istifadə edərək bölgəni işğal etməyə çalışır. Qarabağda, Abxaziyada, Cənubi Osetiyada və Dnestryanında da belə olmuşdu, bu gün də eyni ssenari təkrar olunur. Rusiyanın bu hərəkətinə "Dur!" deməyin vaxtı artıq çatıb". Bəyanat müəllifləri bütün baş verənləri nəzərə alaraq hesab edirlər ki, ATƏT-in Minsk qrupu həmsədrləri 22 il ərzində münaqişənin ədalətli həlli ilə məşğul olmayıb: "Həmsədrlər Azərbaycan torpaqlarının Ermənistana təhvil verilməsində yardımçı olmağa çalışıb və tam ermənipərəst mövqedən çıxış ediblər. Buna görə də onlar ya dərhal Ermənistanın işğalçı hərəkətləri ilə bağlı sənəd qəbul etməli, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması və bu dövlətin BMT TŞ tərəfindən cəzalandırılmasına nail olmalı, ya da yarıtmaz fəaliyyətinə son qoyulmalıdır. Rusiyanın Ukryanaya, o cümlədən Krımdakı hərəkətləri işğalçılıq kimi dəyərləndirilməli və bir mənalı şəkildə pislənilməlidir. Azərbaycan dövlət və cəmiyyət səviyyəsində Krım tatarlarına dəstək verməli və haqlarının pozulmasına imkan verməməlidir. Dünya Birliyi Rusiya və Ermənistan kimi quyruq bulayanlarına qarşı vahid cəbhə ilə çıxış etməli, işğalçının cəzalandırılması üçün qəti addımlar atmalıdır". Sonda vurğulanır ki, Rusiya Ermənistan kimi əlaltıları ilə birlikdə dünyanı 3-cü dünya müharibəsinə sürükləyir: "Rus-erməni faşizminin qarşısı nə qədər tez alınsa, dünya bir o qədər tez xilas olar. Beynəlxalq təşkilatlar və böyük dövlətlər mənasız bəyanatlara son qoymalı hərbi gücün tətbiqinə keçməlidir." ("OLAYLA"R İA)