“Rusiya Krım böhranından salamat çıxmayacaq” - POLİTOLOQ
Vəfa Quluzadə: “Qərblə böyük qarşıdurma olacaq, Rusiya çökəcək”
12 Mart 2014 15:54 Siyasət"Üçüncü dünya müharibəsi başlasın və Rusiya darmadağın olsun" - politoloq Vəfa Quluzadə Rusiyanın Krımı işğal siyasətinə münasibət bildirərkən belə deyib. V.Quluzadə qeyd edib ki, qanlı imperiyanın işğal etmədiyi ölkə qalmayıb. Politoloq Gürcüstan, Azərbaycan və Moldovanın Rusiya işğalına məruz qaldığını xatırladıb və vurğulayıb ki, Moskva Orta Asiya ölkələrini də qorxu altında saxlayır. Krımda keçiriləcək referenduma münasibət bildirən Vəfa Quluzadə bildirib ki, Krımın statusunun müəyyənləşməsilə əlaqədar Kreml tərəfindən keçiriləcək referendum heç bir nəticə verməyəcək: "Referendum beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Referendumun keçirilməsindən sonra regionda qarşıdurma pik həddə çatacaq. Qərb Rusiyaya bütün istiqamətlərdə sanksiyalar tətbiq edəcək. Moskva hesab edir ki, o da Qərbə eyni şəkildə cavab verəcək. Lakin Kremlin bu niyyəti baş tutmayacaq. Qərb Rusiya enerjisindən imtina edib başqa bazarlara üz tutacaq. ABŞ da balansındakı enerji ehtiyatlarından istifadəyə başlayıb. Çox böyük qarşıdurma olacaq, bu isə Putin rejiminin çökməsinə səbəb olacaq". Vəfa Quluzadə "OLAYLAR"-ın "Krımda keçiriləcək referendum Dağlıq Qarabağa presedent ola bilərmi?" sualını da cavablandırıb. Politoloq qeyd edib ki, Krım böhranı Rusiyanın siyasi arenadan çıxaracaq. "Siz elə bilirsiniz ki, Krım işğal ediləndən sonra Rusiya Dağlıq Qarabağı həzm edəcək? Rusiyanın Krım böhranından dövlət kimi sağ çıxmaması təhlükəsi var. Rusiya bununla Dağlıq Qarabağ münaqişəsi məsələsindən xarici olacaq. Ermənistan da Rusiyanın caynağından çıxaraq normal dövlətə çevriləcək" - deyə Vəfa Quluzadə bildirib. ("OLAYLAR" İA)