Qanunun sərtləşdirilməsi ilə muzdlu döyüşçülərin qarşısını almaq mümkün olacaqmı?

Hazırda bir sıra beynəlxalq cinayətlər var ki, onlara qarşı mübarizə aparmaq müşkül məsələyə çevrilib. Beynəlxalq birlik və dünyanın güc mərkəzləri bu sahədə ortaq məxrəçə gəlib əməkdaşlığı gücləndirsələr də hələ ki, bu qəbildən olan cinayətlərin kökünü kəsmək mümkün olmayıb. Belə cinayətlərdən hesab olunan terrorçuluq demək olar ki, artıq dünyanı bürüyüb və hər an bu cinayətin açı nəticələri barədə məlumatlar yayılmaqdadır. Terror aktlarının və ya insanlıq əleyhinə cinayətlərin həyata keçirilməsinə muzdlu döyüşçülərin cəlb edilməsi isə məsələni daha da qəlizləşdirilir. Məsələ orasındadır ki, sadalanan bu cinayətlər ən çox ayrı-ayrı dövlətlərin himayəsi ilə törədilməsi ona qarşı mübarizəni çətinləşdirilir. Hazırda dini ekstremistlər, radikal dini cərəyanlar, eləcə də dövlət çevrilişləri planlarını reallaşdırmağa çalışan qüvvələr terrorçuluğa daha çox üstünlük verirlər ki, bu də şübhəsiz dinc, günahsız insanların həyatı bahasına başa gəlir. Son zamanlar məkrli niyyətlərin reallaşdırılması məqsədilə həyata keçirilən döyüş əməliyyatlarına muzdlu qatillərin cəlb edilməsi geniş yayılıb. Əslində, bu məlumat bizim üçün yeni deyil, çünki Birinci Qarabağ savaşında Ermənistan dövləti tərəfindən Fransa, Suriya, liviyadan muzdlu döyüşçülərin gətirilməsi məlum idi. Elə indinin özündə də bu proses davam etdirilir. Məsələn, cari ilin əvvəlində Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağa ermənilərin cəlb etdiyi xeyli sayda muzdlu döyüşçü zərərsizləşdirildi. Məlumata görə, zərərsizləşdirilənlər arasında xeyli sayda muzdlu döyüşçü olub. Onların arasında zəncilər, habelə Suriyadan gələnlərin olduğu güman edilir. Rəsmi məlumata görə, qoşunların təmas xəttində baş verən hadisələrdə erməni kəşfiyyat-diversiya qruplarının tərkibində əməliyyatlarda iştirak edənlərin vətəndaşlığı bəlli olmasa da, müdafiənin ön xəttində yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb. Müdafiə Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağda ermənilər tərəfindən muzdlu döyüşçülərdən istifadə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin dəfələrlə üstünlüyü qarşısında heç bir əhəmiyyətə malik deyil və bu Ermənistanın yaşadığı demoqrafik fəlakət, çağırışçı çatışmazlığı və əhali arasında yaranmış ruh düşkünlüyünün nəticəsidir. Məsələ orasındadır ki, artıq Azərbaycan vətəndaşlarının da xarici ölkələrin ordu sıralarında döyüşmələri barədə faktlar təsdiqini tapmaqdadır. Xüsusən, Suriyada baş verən döyüşlərdə Azərbaycan gənclərinin iştirakı artıq sirr deyil. Onlarla Azərbaycan vətəndaşının Suriyada gedən döyüşlərdə iştirakı barədə foto və video material sosial şəbəkələrdə yayılmaqdadır. Maraqlı məqam ondan ibarətdir ki, Suriyada döyüşən azərbaycanlılar ayri-ayrı dini cərəyanların nümayəndələridir. Məhz bu səbəbdən baş verən prosesin gələcək təhlükəsinin indidən aradan qaldırılması zərurəti yaranıb. Xatırladaq ki, baş verən hadisələrlə bağlı məsələ ölkənin ali qanunverici orqanında da müzakirəyə səbəb olub. Spiker Oqtay Əsədov məsələnin çox ciddi olduğunu parlament tribunasından səsləndirb: "Bu muzdlu əsgərlərdir. Amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz. Bunun qarşısını almaq üçün nə lazımdırsa görüləcək. Muzdlu döyüşçülər təhlükəli məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq". Millət vəkil Zahid Oruc isə Azərbaycandan Suriyaya gedənlərlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılmasını və onlar barəsində cinayət işinin açılmasının təklif edib: "Bunu təşkil edənlər qüvvələr müxtəlif ölkələrdən yığılır. Onlar təkcə öz ailələrini deyil, həm də terrorçu qruplaşma üzvü olmaqla dünyada Azərbaycanın mövqeyinə zərər vururlar. Baş prokurorluq onlar barəsində cinayət işi qaldırmalıdır. Onlar gedib Azad Suriya ordusunun və Bəşər Əsədin əlehinə vuruşlar. Sonra Azərbaycana gəlirlər. Bu Azərbaycan üçün çox təhlükəli ola bilər". Artıq gözlənilən təhlükənin ilk işartıları ortalıqdadır. Belə ki, Nazirlər Kabinetinin illik hesabatında qeyd olunur ki, 2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Hesabatda biildirilir ki, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinim əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb. Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub. Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Keçirilən digər əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partkayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terro-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin isıntaqı aparılır. Göründüyü kimi, artıq bu kimi cinayət əməlləri ölkələr üün xarakterik hal almaqdadır. Məhz bu kimi halların qarşısını almaq məqsədilə Azərbaycanda muzdluluq və terrorçuluğa görə cəzalar sərtləşdirilir. Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə səkkiz ildən on iki ilədək həbs qətimkan tədbiri seçiləcək. Digər dəyişikliyə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə doqquz ildən on beş ilədək həbs qətimkan tədbiri seçiləcək. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı beş ildən on bir ilədək cəza nəzərdə tutulur. Həmçinin terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə on ildən on iki ilədək cəza tətbiq ediləcək. Məsələ orasındadır ki, qanunvericiliyi sərtləşdirməklə muzdlu döyüşçülər və terrorçuluğun qarşısını almaq mümkün olacaqmı. Qeyd edək ki, bundan əvvəl də cinayət qanunvericiliyində muzdluluq və terrorçuluğa görə, sankciya nəzərdə tutulub. Buna baxmayaraq Azərbaycan vətəndaşlarının avtomat səsi Suriya döyüşlərindən gəlir. Halbuki, igid oğlanlarımızın Qarabağda hayqırtı səsinə ehtiyac var.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00