Çinlə tərəfdaşlıqda yeni mərhələ: İnvestisiya, istehsal və logistika – ÖZƏL
14:17 Siyasət"Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq artıq yalnız sənədlərdə və bəyanatlarda qalmamalı, real əməli addımlarla möhkəmləndirilməlidir. Bildiyiniz kimi, Azərbaycan bu gün Çin üçün mühüm tranzit rolunu oynayır. Lakin iki ölkə arasındakı münasibətlər yalnız tranzit məsələsi ilə məhdudlaşmamalıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, artıq Çinin Azərbaycana investisiyalarının cəlb olunması, burada istehsal sahələrinin yaradılması və mövcud istehsalatın genişləndirilməsi istiqamətində daha fəal addımlar atılmalıdır. Eyni zamanda, Azərbaycan Çin məhsullarının Avropaya daşınmasında mühüm rol oynadığı kimi, Azərbaycan məhsullarının da Çin bazarına çıxışının təmin olunması vacibdir. Bu, həm logistika, həm də iqtisadi inkişaf baxımından hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır. Çinlə Azərbaycan arasındakı münasibətlər siyasi əməkdaşlıq çərçivəsindən kənara çıxaraq daha geniş iqtisadi müstəviyə keçməlidir. Əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi üçün daha intensiv iş aparılmalıdır. Hazırda bu istiqamətdə addımlar atılsa da, proses hələ mərhələli şəkildə irəliləyir. Təbii ki, bu gün Orta Dəhliz Çin üçün xüsusi maraq doğuran layihələrdən biridir. Çin öz məhsullarını Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırır. Bu baxımdan Azərbaycan Çin üçün mühüm tranzit ölkəsidir. Lakin Orta Dəhlizin əhəmiyyəti yalnız tranzit funksiyası ilə məhdudlaşmamalıdır. Dəhliz boyunca anbarların, limanların və digər logistika infrastrukturunun imkanlarından səmərəli istifadə edilməli, bütövlükdə bu marşrut vahid və işlək iqtisadi mexanizmə çevrilməlidir. Orta Dəhlizin bu şəkildə inkişafı həm Azərbaycan, həm Çin, həm də marşrut üzərində yerləşən digər ölkələr üçün böyük iqtisadi fayda yarada bilər. Bu istiqamətdə həyata keçirilən hər bir layihə, qoyulan investisiya və görülən işlər iqtisadi gəlirlərin artmasına töhfə verə bilər. Buna görə də Orta Dəhlizlə bağlı proseslərə yalnız logistika marşrutu kimi yanaşmaq düzgün olmazdı. Dəhlizin ətrafında formalaşan iqtisadi mühitdən, infrastruktur imkanlarından və istehsal potensialından da geniş şəkildə istifadə edilməlidir. Dediyim kimi, Çinlə Azərbaycan arasında çoxsaylı layihələr mövcuddur. Lakin bu layihələr ayrı-ayrı təşəbbüslər səviyyəsində qalmamalı, daha geniş əməkdaşlıq məkanının bir hissəsinə çevrilməlidir. Çin üçün alternativ nəqliyyat və tranzit marşrutlarının çox olduğu məlumdur. Bununla belə, Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsi Çinlə yanaşı, Azərbaycan və digər iştirakçı ölkələr üçün də mühüm iqtisadi imkanlar yarada bilər.
"Asiya ölkələri arasında əməkdaşlıq platformaları ilə bağlı da qeyd etmək istərdim ki, bu platformalar yalnız diplomatik münasibətlərlə məhdudlaşmamalıdır. Əməkdaşlıq iqtisadi sahəyə də şamil olunmalı və daha geniş miqyasda inkişaf etdirilməlidir. Çünki burada söhbət yalnız Çinlə Azərbaycan arasındakı münasibətlərdən getmir. Bu platformalar bütövlükdə Asiya dövlətlərini birləşdirən və onların əməkdaşlığını gücləndirən mexanizmlər kimi çıxış edə bilər. Çin bu platformalar vasitəsilə digər ölkələrlə diplomatik əlaqələrini inkişaf etdirməklə yanaşı, iqtisadi münasibətlərini də genişləndirə bilər. İnvestisiyaların yatırılması, yeni layihələrin hazırlanması və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi həm Çin, həm də digər iştirakçı dövlətlər üçün böyük əhəmiyyət kəsb edər. Bu proses yalnız iqtisadi münasibətlərin deyil, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə də xidmət edə bilər. İqtisadi əlaqələrin dərinləşməsi regionda siyasi sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də müsbət təsir göstərə bilər. Ona görə də hesab edirəm ki, bu gün həmin platformalar çərçivəsində əməkdaşlıq daha da genişləndirilməli, mövcud münasibətlər konkret layihələr və real nəticələrlə möhkəmləndirilməlidir. Əsas məqsəd əməkdaşlığın yalnız bəyanatlar və razılaşmalar səviyyəsində qalmaması, praktik müstəvidə də özünü göstərməsidir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova