Siyasi varislik və dövlətçilik institutlarının davamlılığı-Özəl

"Dövlət idarəçiliyində siyasi varislik yalnız rəhbər şəxsin dəyişməsi demək deyil. O, dövlətin strateji prioritetlərinin, idarəetmə mexanizmlərinin, beynəlxalq öhdəliklərinin və uzunmüddətli inkişaf proqramlarının necə davam etdirilməsi məsələsini də əhatə edir. Azərbaycanın 2003-cü il təcrübəsi bu baxımdan bir neçə istiqamətdə təhlil oluna bilər". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Asif Əsgərli deyib: "Birincisi, dövlətçilik xəttinin davam etdirilməsi. Müstəqilliyin ilk onilliyində yaradılmış siyasi və hüquqi institutların fəaliyyətinin davam etdirilməsi, dövlətin iqtisadi və təhlükəsizlik imkanlarının genişləndirilməsi əsas vəzifələrdən idi.
İkincisi, yeni idarəetmə prioritetlərinin müəyyənləşdirilməsi. Dövlətin qarşısında yalnız mövcud sabitliyi qorumaq deyil, həm də iqtisadi resursları infrastrukturun yenilənməsinə, regional inkişafa, sosial siyasətə və beynəlxalq iqtisadi əlaqələrə yönəltmək vəzifəsi dayanırdı.
Üçüncüsü, siyasi legitimlik və ictimai etimad məsələsi. Uzunmüddətli dövlətçilik strategiyasının dayanıqlılığı yalnız qərarların qəbul edilməsi ilə deyil, onların hüquqi əsasları, ictimai dəstək, hesabatlılıq və siyasi iştirak imkanları ilə də müəyyən olunur. Buna görə də varislik konsepsiyasının təhlili həm davamlılıq amilini, həm də demokratik institutların inkişafına dair tələbləri əhatə etməlidir. 15 oktyabr 2003-cü ilin tarixi mənası məhz bu iki xəttin - dövlətçilikdə davamlılığın və yeni idarəetmə mərhələsinin başlanmasının - qarşılıqlı əlaqəsində görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31