Azərbaycan şirkətlərinin Kambocaya investisiya qoyması aktualdır-Özəl
11:00 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Kamboca Krallığının Baş naziri Hun Manetin bu gün mətbuata bəyanatlarında investisiya məsələsinə də toxunuldu. Və artıq bununla bağlı Birgə İşçi Qrupu da yaradılıb. Belə görünür ki, burada ilk növbədə Azərbaycan şirkətlərinin Kambocaya investisiya qoyması aktualdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclidin deputatı Sahib Alıyev deyib: "Hazırda qlobal tranzit mərkəzi funksiyası yerinə yetirən Azərbaycanın Cənub-Şərqi Asiya regionunda Funan Teço kanalı kimi nəhəng nəqliyyat arteriyası keçən Kambocanın Orta Dəhlizə inteqrasiyası və təchizat zəncirinin qurulması layihələrində investor olaraq çıxış etməsi mümkündür.
Azərbaycanın Dövlət Neft Şirkəti isə öz təcrübəsi və kapitalı ilə Kambocanın yaşıl enerji keçidinə investisiya yatıra bilər. Çünki bu ölkə 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 70%-ə çatdırmağı hədəfləyir. Üstəlik, böyük vergi güzəşti və digər əlverişli şərtlər vəd edir.
Burada qeyd edək ki, SOCAR təkcə Avropada deyil, Asiya və Cənub-Şərqi Asiya regionunda da irimiqyaslı layihələrdə investor və tərəfdaşdır. Məsələn, o, hazırda İndoneziyada 5 mühüm əməkdaşlıq layihəsini icra edir ki, içlərində Şərqi Yava adasında neft və qazın kəşfiyyatı və hasilatı da var.
SOCAR qardaş Özbəkistanda da həcmi təxminən 2 milyard dollar dəyərində qiymətləndirilən karbohidrogen yataqlarının işlənməsi və hasilatı layihələrində pay sahibidir. Çinin nəhəng dövlət şirkəti CNOOC ilə imzalanmış memoranduma əsasən isə SOCAR həm Azərbaycan ərazisində, həm də Asiya regionu daxil olmaqla üçüncü ölkələrdə dəniz yataqlarında neft-qaz kəşfiyyatı, hasilatı və neft-kimya sənayesinə müştərək investisiya yatırılması üzrə layihələr həyata keçirir. Belə görünür ki, tezliklə Kamboca da onların sırasında yer alacaq".