Xəzər Azərbaycanla Mərkəzi Asiyanı bir-birinə bağlayan nəqliyyat körpüsüdür-Özəl

"Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə nəqliyyatı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulaması təsadüfi deyildi. Çünki bu gün söhbət sadəcə yüklərin bir ölkədən digərinə daşınmasından deyil, Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasından gedir. Bu prosesin mərkəzində isə Xəzər dənizi və Orta Dəhliz dayanır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, uzun illər Xəzər Azərbaycanla Mərkəzi Asiya arasında təbii maneə kimi qəbul edilirdi: "Bu gün isə o, iki sahili bir-birinə bağlayan nəqliyyat körpüsü funksiyasını getdikcə daha çox yerinə yetirir. Onun hər iki sahilində yaradılan liman, dəmir yolu, avtomobil yolu və logistika infrastrukturu vahid nəqliyyat sisteminin elementləri kimi fəaliyyət göstərməyə başlayır. Prezident İlham Əliyevin Xəzərin ölkələrimizin nəqliyyat əlaqələrində artan roluna diqqət çəkməsi də daha geniş geoiqtisadi transformasiyanı əks etdirir".

Millət vəkilinin sözlərinə görə, Orta Dəhlizin üstünlüyü yalnız onun coğrafi baxımdan Asiya ilə Avropa arasında daha qısa marşrutlardan biri olmasında deyil: "Müasir şəraitdə etibarlılıq, təhlükəsizlik və marşrutların şaxələndirilməsi sürət qədər vacib amillərə çevrilib. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər alternativ nəqliyyat xətlərinin strateji əhəmiyyətini artırır. Belə bir şəraitdə Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan xətt artıq alternativ variant deyil, Avrasiyanın əsas logistika arteriyalarından birinə çevrilmək potensialına malikdir. Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu dinamika marşruta marağın artdığını göstərməklə yanaşı, qarşıya yeni vəzifələr də qoyur. Artıq əsas məsələ yük cəlb etməkdən daha çox artan yük axınını sürətli, koordinasiyalı və rəqabətədavamlı şəkildə idarə etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31