Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir-Özəl

"Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də  Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunuYAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev deyib: "Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri bütün bu reallıqları bir daha təsdiqlədi. Cənab İlham Əliyevin Türkmənistan səfərinin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Belə ki, ölkə Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ilə yanaşı, MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə iclaslarında, həmçinin Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak etdi. Hər bir tədbir Azərbaycanın regionda və dünyada nüfuzunun, möhkımlənən mövqeyinin təqdimatı oldu.

Sözügedən səfər Azərbaycan-Türkmənistan, eyni zamanda, digər Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hazırkı inkişaf səviyyəsinin nümayişində əhəmiyyətli rol oynadı.  Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə "Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi" söyləyən cənab İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31