Müharibədə yeni mərhələ: Çin və Hindistan sülh masasına gələcəkmi? – ÖZƏL

"Rusiya-Ukrayna müharibəsində artıq Qərbin müharibəni dayandırmaq üçün əvvəlki imkanlara malik olmadığı görünür. Zelenski isə müharibənin miqyasını daha geniş müstəviyə daşımaq niyyətindədir. Belə ki, o, sülh sazişinin imzalanması və danışıqlar prosesinin genişləndirilməsi üçün digər ölkələri də bu məsələdə müttəfiqliyə və ya tərəfdaşlığa çağırır. Bu ölkələr arasında Çin və Hindistan da var".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Çin bu gün Rusiya ilə bir masa arxasında oturaraq müharibənin dayandırılması və ya intensivliyinin azaldılması üçün əlindən gələni edə bilər. Ancaq Çin Qərblə rəqabət apardığına görə bu istiqamətdə müəyyən addımlar atmaqda maraqlı görünmür. Eyni zamanda, Çinin Rusiya ilə iqtisadi və siyasi tərəfdaşlığı onun üçün böyük əhəmiyyət daşıyır. Buna görə də Çinin hazırkı mərhələdə bu məsələdə fəal mövqe nümayiş etdirmədiyini və müəyyən mənada geri addım atdığını görürük. Hindistana gəldikdə isə, bu ölkə Qərb və Ukrayna ilə müəyyən məsələlərdə ortaq mövqedən çıxış edə bilər. Lakin Hindistanın da Rusiya ilə özünəməxsus münasibətləri var. Xüsusilə enerji sahəsində iki ölkə arasında böyük həcmli müqavilələr mövcuddur. Bununla belə, Hindistan Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən addımların atılmasının vacibliyini dəfələrlə ifadə edib. Zelenski Çin və Hindistanı danışıqlar prosesinə cəlb etməklə müharibənin dayandırılması məsələsini daha geniş beynəlxalq müstəviyə çıxarmağa çalışır. O da anlayır ki, Rusiyanın müharibəni dayandırmasına bu ölkələrin təsir imkanları olsa belə, bunun nəticə verəcəyinə zəmanət yoxdur. Buna görə də o, məsələni daha geniş miqyasda danışıqlar masasına çıxarmağa və Rusiyanı müharibəni davam etdirməkdən çəkindirmək üçün əlavə təzyiq mexanizmləri formalaşdırmağa çalışır. Ancaq nəticə etibarilə görürük ki, hər bir ölkə öz maraqlarından çıxış edir və daxili, eləcə də xarici siyasətini həmin maraqlara uyğun şəkildə formalaşdırır. Zelenski Çin və Hindistana müraciət etməklə, əslində, onların atəşkəsin təmin olunmasına və sülh sazişinin əldə edilməsinə təsir imkanlarından istifadə etmələrini istəyir. Lakin bu ölkələrin hansı qərarı verəcəyi yenə də onların milli maraqlarından asılı olacaq.

"Zelenskinin təhlükəsizlik məsələsinə gəldikdə isə, burada söhbət yalnız müharibənin dayandırılmasından getmir. O, gələcəkdə də Ukraynanın Rusiya tərəfindən hər hansı işğala məruz qalmayacağına dair təminatların əldə olunmasını nəzərdə tutur. Bu məsələ hazırda geniş müzakirə olunan mövzulardan biridir. Ancaq Çin və ya Hindistanın Ukraynaya bu cür təhlükəsizlik təminatı verəcəyini hələlik düşünmürəm", - deyə ekspert əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31