Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərin tarixi kökləri var-Özəl

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yalnız iqtisadi göstəricilər və siyasi təmaslarla izah etmək mümkün deyil. Bu münasibətlərin dərin tarixi, mədəni və mənəvi əsasları mövcuddur. Prezident cənab İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstəyə xüsusi diqqət yetirib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında dostluğun konkret nümunələridir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi təşəbbüsü də bu mənəvi yaxınlığın ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaş ölkələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır. Bu layihələrin əhəmiyyəti yalnız tikilən binalarla ölçülmür. Onlar xalqlar arasında qarşılıqlı hörmətin, həmrəyliyin və gələcəyə yönəlmiş münasibətlərin rəmzidir. Təhsil və mədəniyyət obyektləri insanların gündəlik həyatına töhfə verməklə yanaşı, gələcək nəsillərin dostluq və əməkdaşlıq ruhunda yetişməsinə də xidmət edir. Ortaq tarixi köklər, mədəni irs və humanitar əlaqələr siyasi və iqtisadi əməkdaşlığın daha möhkəm əsaslar üzərində inkişaf etməsinə imkan yaradır. Buna görə də region dövlətləri arasında münasibətlərin genişləndirilməsində təhsil, elm, mədəniyyət, turizm və gənclər arasında əlaqələr də mühüm yer tutmalıdır.

Ölkı Prezidenti cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlikdir. Dövlət başçısı bu amilləri ölkələrin nailiyyətlərinin və gələcək inkişafının əsas şərtləri kimi səciyyələndirib. Həqiqətən də, genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, enerji infrastrukturuna sərmayələrin yatırılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün sabit siyasi mühit vacibdir. Uzunmüddətli layihələr qarşılıqlı etimad, aydın əməkdaşlıq mexanizmləri və ortaq maraqlar tələb edir. Region ölkələrinin təhlükəsizlik və sabitlik məsələlərinə birgə yanaşması iqtisadi əməkdaşlığın möhkəmlənməsinə də kömək edə bilər. Eyni zamanda, iqtisadi əlaqələrin dərinləşməsi dövlətlər arasında qarşılıqlı asılılığı və ortaq maraqları artıraraq əməkdaşlığın davamlılığı üçün əlavə zəmin yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31